CƏMİYYƏT
Bakıda Beynəlxalq gənc siyasətçilər məktəbi keçiriləcəkdir
Bakı, 23 iyun (AZƏRTAC). Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə iyulun 3-dən 8-dək Bakıda Beynəlxalq gənc siyasətçilər məktəbi keçirəcəkdir.
AGAT-dan AZƏRTAC-a bildirmişlər ki, əsas məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat vermək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, məktəbin iştirakçılarını Azərbaycan həqiqətləri barədə məlumatlandırmaqdır.
Tədbir zamanı müzakirə mövzusu əsasən Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi, siyasi elmin əsasları və s. olacaqdır. Bütün mövzular çərçivəsində panellər təşkil ediləcəkdir.
Eyni zamanda, bir çox dövlət qurumlarında görüşlər keçiriləcəkdir. Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən əlavə, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuq sahəsində nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar.
Sonda isə gənc siyasətçilər şəbəkəsinin yaradılması nəzərdə tutulur.