CƏMİYYƏT
Bakıda “Çoxtərəfliliyin təşviqində gənclərin rolu” adlı panel müzakirəsi təşkil edilib
![](/files/galleryphoto/2022/1/1200x630/16508764286319835198_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16508764283479052209_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/165087642837161581_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16508764284456463473_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16508764285837965333_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16508764285196464518_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16508764285687852616_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi və UNEC-in birgə təşkilatçılığı ilə “Çoxtərəfliliyin təşviqində gənclərin rolu” adlı panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatının təşəbbüsü ilə 2018-ci il dekabrın 12-də BMT Baş Assambleyasının müvafiq qətnaməsi əsasında elan edilmiş 24 Aprel - Beynəlxalq Çoxtərəflilik və Sülh Naminə Diplomatiya Gününə həsr olunmuş tədbirin əsas məqsədi qlobal risk və təhdidlərə, o cümlədən davamlı sülh və inkişafa əngəl törədən digər çağırışlara qarşı mübarizədə çoxtərəfli diplomatiyanın roluna diqqət çəkmək və bu istiqamətdə gənclərin oynadığı rolu işıqlandırmaqdır.
Panel müzakirələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə çıxış ediblər.
Çıxışçılar çoxtərəfli əməkdaşlığın təşviqində və gücləndirilməsində gənclərin artan rolu, bu istiqamətdə dünya miqyasında mövcud olan ən yaxşı təcrübələr, gənclərin regional və qlobal səviyyədə inteqrasiya təşəbbüsləri, eləcə də qlobal sülh və davamlı inkişafı tərənnüm edən beynəlxalq təşəbbüslərə gənclərin cəlb edilməsi perspektivləri barədə fikirlərini bölüşüblər.
Sonra tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsası Azərbaycanın təşkilata sədrliyi çərçivəsində ötən ilin oktyabrın 4-5-də keçirilmiş təsis iclası ilə qoyulub. Qoşulmama Hərəkatına üzv ölkələrdən olan gəncləri və gənclər təşkilatlarını birləşdirən Şəbəkə Qoşulmama Hərəkatının gündəliyində yer alan aktual məsələlərə dair milli və beynəlxalq səviyyələrdə tədbirlər təşkil etməklə Hərəkata üzv dövlətlərin gənclərinin müvafiq istiqamətdə mövqe və yanaşmalarını təşviq edir.