Bakıda keçirilən Dünya Limanlar Konfransı işini müxtəlif sessiyalarla davam etdirib
Bakı, 10 may, AZƏRTAC
Bakıda keçirilən Dünya Limanlar Konfransı (IAPH Baku 2018) mayın 10-da işini müxtəlif sessiyalar və işçi görüşlərlə davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Rəqabət mərkəzi necə formalaşır? Azad Ticarət Zonaları beynəlxalq ticarətdə və dəyər zəncirində əsas oyunçu kimi çıxış edir” adlı sessiyada Şanxay Universitetinin professoru Teo Teotetom, “Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profitt, İtaliyanın Triyest limanının prezidenti Zeno d`Agostino və başqaları Azad Ticarət Zonalarının və regional habların əhəmiyyətindən danışıblar.
Müzakirələrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının coğrafi mövqeyinin unikal imkanlarından, eləcə də onun ticarət qovşaqlarının və marşrutlarının kəsişməsində yerləşməsindən istifadə edərək regional miqyaslı haba çevrilməsi perspektivlərindən danışılıb.
“Kim LNG-dən qorxur?” və “Rəqəmsallaşdırma və dağıdıcı texnologiyalar - ümumi olaraq” adlı işçi görüşlərdə isə son dövrlərdə qlobal qaz bazarında mayeləşdirilmiş təbii qazın (LNG) payının artmasından, LNG daşımalarında limanların yerinin və tutumunun əhəmiyyətindən söhbət açılıb, rəqəmsallaşdırmanın liman idarəçiliyindəki üstünlükləri müzakirə olunub.
Qeyd edək ki, maraqlı diskussiyalarla yanaşı, “IAPH Baku 2018” konfransının iştirakçıları üçün əyləncəli tədbirləri və maraqlı ekskursiyaları nəzərdə tutan mədəni proqram da təşkil edilib.
Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. IAPH hər il iri liman şəhərlərində konfranslar təşkil edir. Əvvəlki konfranslar Los-Anceles (2013), Sidney (2014), Hamburq (2015), Panama (2016) və Balidə (2017) keçirilib.