REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 14 tondan çox məhsul, o cümlədən 1 ton ət, 0,7 ton ağartı, 4 ton tərəvəz, 4 ton kartof, 1,5 ton bostan məhsulları, 2,5 ton meyvə, 0,2 ton taxıl məhsulları, 2 min yumurta çıxarılmışdı. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, kələm və soğan 30-40, kartof 40-60, yumurtanın biri 9 qəpiyə satılır.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 14 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu gətirilmişdir.
Məhsulların çeşidi xeyli dəyişmişdir. Burada alma, yerkökü, xurma, kələm, kartof, soğan və digər məhsullar bazardan 25 faiz aşağı qiymətə təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirmişdir ki, fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmaları üçün hər cür imkan yaradılmışdır.
Qəsəbə sakinləri yarmarkaların davamlı təşkilinə görə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (54,6 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (3,7 ton) satışa Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad, Lənkəran və Balakən rayonlarından gətirilmiş ümumilikdə 58,3 ton məhsul çıxarılmışdır. Hər iki yarmarkada nar, heyva, xurma, alma, pomidor, xiyar və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil edirdi. Bazarlarla müqayisədə qiymətlər 20-25 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkada Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 178 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur.
Şəhər sakinləri burada sərfəli qiymətə təklif olunan kartof, soğan, pomidor, xiyar, kök, çuğundur, kələm, nar, xurma, naringi və digər məhsulların keyfiyyətindən razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya şənbə günü Xaçmaz, Tərtər, İmişli, Salyan, Beyləqan, Oğuz rayonlarından 51,8 ton kənd təsərrüfatı məhsulu gətirilmişdir.
Hər həftə yarmarkada fəal iştirak edən oğuzlu fermer Azər Məcidov bu dəfə 2 ton soğan gətirmişdir. O, günortaya yaxın məhsulun xeyli hissəsini artıq satmışdı. Alıcılar yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda bazar qiymətindən 30-40 faiz ucuz olmasından razılıq edirdilər. Bütün məhsullar çoxçeşidli, keyfiyyətli və münasib qiymətə təklif olunurdu.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Ağstafa, Siyəzən, Goranboy və digər rayonların fermerləri 23 tondan çox meyvə-tərəvəz, bostan məhsulları gətirmişlər. Bu məhsullar bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif edilirdi.
Şəhər sakinləri çoxçeşidli kənd təsərrüfatı məhsullarını həvəslə alırdılar.