BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada əhaliyə 19,25 ton məhsul, o cümlədən 2 ton ət, 0,2 ton ağartı, 6 ton tərəvəz, 4 ton kartof, 5 ton meyvə, 10 min ədəd yumurta, 50 kiloqram bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 70-4 manat 20 qəpiyə, bal 9-10 manata, armud 1 manata, alma 50 qəpik-1 manata, gilas 80 qəpik-1 manat 20 qəpiyə, gavalı, pomidor 70 qəpik-1 manata, badımcan 60 qəpik-1 manata, kartof, kələm 30-50, çuğundur, yerkökü 60-70, soğan 20-40, xiyar 50-60, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada 40,2 ton kartof, 14 ton ət, 33,7 ton meyvə və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Yarmarkaya Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş məhsulların qiymətləri bazardakından 25 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax fermerləri alıcılar üçün əlverişli qiymətlərə kartof, yumurta, ət, meyvə-tərəvəz və süd məhsulları satırdılar. Təklif olunan məhsullar həm də keyfiyyəti ilə diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, şənbə və bazar günlərində burada satışa 27 tonadək məhsul çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Goranboy, Bərdə və Ağstafadan gətirilmiş, şəhər sakinlərinə bazardakından 40-45 faiz ucuz təklif olunan meyvə-tərəvəz və heyvandarlıq məhsulları da həvəslə alınırdı.