MƏDƏNİYYƏT
Bakıda Kolumbiyanın biomüxtəlifliyinə dair sənədli film və sərgi nümayiş etdirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16656716404306058747_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665671641436825455_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16656716416015442058_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Nizami Kino Mərkəzində Kolumbiyanın Azərbaycandakı səfirliyi “Kolumbiyanın Xaricdə Təşviqi planı” çərçivəsində "Hər şey bir fraqmentdir" adlı sənədli film nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl Kolumbiya Respublikası Bankının illüstrasiyalarından ibarət “Yaşasın Kəpənəklər!” adlı sərgi açılıb.
Katalina Londonyo Karderin elmi illüstrasiyalarını bir araya gətirən “Yaşasın Kəpənəklər!” adlı fotosərgisi Kolumbiyadakı kəpənək növlərinin müxtəlifliyini göstərir, onların harada yaşadıqlarını və necə çoxaldıqlarını izah edir, həmçinin meşələri, vadiləri və çəmənlikləri qorumağa dəvət edir.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirdə kəpənəklərin ekosistem və elm üçün əhəmiyyəti vurğulanıb.
Kolumbiyanın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili xanım Mariya Anxelika Stir Varela bildirib ki, Kolumbiya 58 mindən çox flora və fauna növünə malik olduğu üçün dünyanın biomüxtəlif ölkələri siyahısına başçılıq edir, həmçinin planetin ən böyük şirin su ehtiyatları və tropik meşələrinə və dünyaya açılan iki böyük pəncərəyə - Sakit və Atlantik okeana sahibdir. Bununla yanaşı Mariya Anxelika Stir Varela Kolumbiyanın qlobal miqyasda ən çox quş və səhləb sayına malik bir ölkə olduğunu nəzərə çatdırıb: “Kolumbiya kəpənək növlərinə görə lider ölkələrdən biridir. Rəqəmlər də bunu sübut edir, çünki hər beş kəpənəkdən biri bizim ölkədə yaşayır. Başqa sözlə desək, planetdəki bütün kəpənəklərin 20 faizi Kolumbiyanın payına düşür”.
Sonra film nümayiş olunub.
Rejissor Karlos Osunanın “Hər şey bir fraqmentdir” adlı sənədli filmi Kolumbiyanın Kauka bölgəsində yerləşən bəzi kəndlərdə lentə alınıb və təbiət səslərinin coşduğu yerlərdən bəhs edir.