ELM VƏ TƏHSİL
Bakıda məktəblilər arasında Rusiya tarixi ilinə həsr olunmuş olimpiada keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanın orta ümumtəhsil tədris müəssisələrinin şagirdləri arasında Rusiya tarixinə dair olimpiada keçirilmişdir. Olimpiada Rusiya tarixi ilinə həsr olunmuşdur.
RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, olimpiada Azərbaycan Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin və Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının iştirakı ilə Rusiyanın Azərbaycandakı səfirliyi və Rossotrudniçestvonun Bakı nümayəndəliyi tərəfindən “Salam, Rusiya!” layihəsi çərçivəsində təşkil edilmişdir.
Olimpiadada Bakının və Sumqayıtın 100-dən çox 9-11-ci sinif şagirdləri iştirak etmişlər.
Rossotrudniçestvonun Bakı nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov məktəblilər qarşısında çıxış edərək qeyd etmişdir ki, Rusiya tarixi ilinə həsr olunmuş olimpiadada iştirak şagirdlərin humanitar fənlərə dair biliklərini zənginləşdirəcəkdir.
Olimpiadanın yazılı test tapşırıqlarının yerinə yetirilməsini nəzərdə tutan birinci mərhələsindən əvvəl “Araz” Ekoloji Liseyi və 160 nömrəli Klassik Gimnaziya şagirdlərinin ifasında ədəbi-musiqili kompozisiya nümayiş etdirilmişdir.
Olimpiadanın ikinci mərhələsində “Gənc tarixçi” müsabiqəsi keçirilmişdir. Burada şagirdlər Rusiya tarixinin əlamətdar günlərinə - Rusiya dövlətçiliyinin yaranmasının 1150 illiyinə, Rusiyanın Polşanın hərbi müdaxiləsindən azad edilməsinin 400 illiyinə və Rusiyanın 1812-ci il vətən müharibəsində qələbəsinin 200 illiyinə həsr olunmuş mövzular üzrə məruzələrlə çıxış etmişlər.
Uşaqların Rusiya tarixi ilə bağlı biliklərini və onların natiqlik qabiliyyətini Bakı Dövlət Universitetinin dosenti Dilarə Həsənzadənin, Bakı Slavyan Universitetinin dosenti Elşanə Ağasıyevanın və politoloq, yazıçı, “Ruslar Azərbaycan tarixində” kitabının müəllifi Georgi Zakletinin daxil olduğu nüfuzlu münsiflər heyəti qiymətləndirmişdir.
Olimpiadanın yekunlarının elan edilməsi, habelə qaliblərin fəxri fərman və mükafatlarla təltif edilməsi mərasimi bu ilin iyununda qeyd ediləcək Rusiya günündə təntənəli şəkildə keçiriləcəkdir. Olimpiada qaliblərinin “Salam, Rusiya!” layihəsi çərçivəsində Rusiyaya ekskursiya-tanışlıq səfərinə çıxacaq qrupa daxil edilməsi nəzərdə tutulmuşdur.