İDMAN
Bakıdakı Azarkeşlər Evində “Mətbuat Günü” keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Rusiya Olimpiya Komitəsi (ROK) Bakıda birinci Avropa Oyunlarının keçirilməsini işıqlandıracaq jurnalistlər üçün Azarkeşlər Evində “Mətbuat Günü” keçirib.
AZƏRTAC xəbər verir ki, Azarkeşlər Evinin rəsmi açılışına (iyunun 12-də saat 12.00-da) bir gün qalmış jurnalistlər orada işləmək üçün akkreditasiyanı rəsmiləşdirib, ekspozisiya ilə tanış olub, Azarkeşlər Evinin tədbirlər proqramını və digər informasiya materiallarını əldə ediblər.
Həmin gün ROK-un Azarkeşlər Evində işləyən komandasına onun baş katibi, sinxron üzgüçülük üzrə beşqat Olimpiya çempionu Anastasiya Davıdova rəhbərlik edib.
Jurnalistləri könüllülər qarsalayıblar. Onlar hər bir jurnalisti Rusiya və Azərbaycan komandalarının idmançılarına həsr olunmuş nadir ekspozisiya ilə, ölkələrimizin birgə idman tarixi ilə tanış ediblər. Eksponatların hamısını ələ götürüb yoxlamaq, habelə onlarla şəkil çəkdirmək mümkün olub.
Ekranlarda idman əfsanələri, müasir idman qəhrəmanları və Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Rusiya və Azərbaycan komandalarının üzvləri haqqında maraqlı filmlər nümayiş etdirilib.