DÜNYA
Baş ağrıları təhlükəlidirmi?
Bakı, 9 avqust (AZƏRTAC). Şübhəsiz, hər bir adam öz həyatında baş ağrısı problemi ilə qarşılaşır. Baş ağrısı əqli və ya fiziki gərginlikdən tutmuş bəzi dərman preparatlarının qəbulunadək bir sıra səbəblər üzündən ola bilər.
İlkin və təkrar baş ağrılarını bir-birindən fərqləndirirlər. İlkin baş ağrıları müstəqil problemdir, təkrar baş ağrılarını isə hər hansı nevroloji xəstəliklər və ya sistem xəstəlikləri doğurur. İkinci halda baş ağrısı patoloji prosesin kəskinləşdiyini göstərə və ciddi təhlükə yarada bilər.
Əksər hallarda baş ağrısı ilkin ağrı kateqoriyasına aid olur və insan sağlamlığı üçün ciddi təhlükə yaratmır. Bir müddətdən sonra bu ağrı öz-özünə keçir. Bununla belə güclü baş ağrısı gündəlik normal aktivliyi poza bilər, çox vaxt təkrarlanan ağrılar isə uşağın dərsə davamiyyətinə və inkişafına mənfi təsir göstərə bilər. Buna görə də güclü baş ağrısından şikayət meydana çıxdıqda simptomatik müalicə tətbiq etmək tələb olunur, bu zaman baş ağrıları asanlıqla keçib gedir.
Qəflətən yaranan güclü ağrı hər hansı bir patologiyanın nəticəsi ola bilər. Ağrı yarandıqda müayinə olunmaq və problemin səbəbini aydınlaşdırmaq üçün həkimə müraciət etmək lazımdır. Bütövlükdə statistika baş ağrılarının yalnız bir faizinin həyat üçün təhlükə olduğunu göstərir.