SİYASƏT
Başqırdıstan Prezidenti: “ Əməkdaşlığımızı qeyri-neft sektorunda da inkişaf etdirmək lazımdır”
Ufa, 8 oktyabr (AZERTAC). MDB-nin nüfuzlu informasiya agentliklərinin təmsilçiləri oktyabrın 8-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının Prezidenti Rustem Xamitov ilə görüşmüşlər.
Prezident Rustem Xamitov Başqırdıstan respublikasının siyasi, iqtisadi, mədəni və infrastruktur həyatı barədə məlumat vermişdir. O bildirmişdir ki, respublikada neftayırma, metallurgiya, kənd təsərrüfatı və turizm sahəsi sürətlə inkişaf edir. Xarici investorların artan marağını nəzərə alaraq burada onlar üçün münbit şərait yaradılır.
Başqırdıstan Prezidenti Azərbaycanla əlaqələrin tarixi köklərə malik olduğunu demiş, sonrakı mərhələlərdə onların əsasən neft sahəsində inkişaf etdiyini bildirmişdir. Respublikada Azərbaycan diasporu vardır və onlar üçün bərabər imkanlar yaradılır. Azərbaycanlı neft mütəxəssisləri keçən əsrin 60-cı illərindən başlayaraq Başqırdıstanın neft emalı sahəsindəki kadrlarının yetişdirilməsində yaxından iştirak etmişlər. Prezident R.Xamitov Azərbaycanlı alim, Başqırdıstan Elmlər Akademiyasının fəxri üzvü Azad Mirzəcanzadənin adını xüsusilə qeyd edərək demişdir ki, hazırda ölkənin neftayırma üzrə aparıcı mütəxəssisləri bu dünya şöhrətli alimin yetirmələridir.
“Əlaqələrin hansı sahələr üzrə inkişafında maraqlısınız” sualına Prezident R.Xamitov onların real potensialı əks etdirmədiyini, təcrübə mübadiləsinə daim ehtiyac duyulduğunu vurğulayaraq bildirmişdir: “Təbii ki iqtisadi baxımdan neft sahəsində əməkdaşlıq ön plandadır. Lakin biz istərdik ki, tikinti, kənd təsərrüfatı və avadanlıq satışı üzrə əməkdaşlıqda da uğurlar əldə edək”.
Başqırdıstan Prezidenti Azərbaycana səfər etmək arzusunda olduğunu da söyləmişdir.
######