BBVB İYUNDA BEŞ APARICI BANKI - SDV-NIN BİRJA BAZARININ OPERATORLARINI MÜƏYYƏN ETMİŞDİR
Bu ilin iyun ayında Bakı Banklararası Valyuta Birjası (BBVB) valyuta seksiyasında hərracların yekunlarına əsasən SDV-nın birja bazarının aparıcı operator banklarının siyahısını müəyyən etmişdir. BBVB-nın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta seksiyasında ümumi ticarət dövriyyəsində sövdələşmələrin payına müvafiq olaraq, birja valyuta bazarının beş lider bankı sıralarına aşağıdakı banklar daxildir: “İLKbank” səhmdar-kommersiya bankı, “Azəriqazbank” səhmdar-investisiya bankı, “Turanbank” səhmdar-kommersiya bankı, Birləşmiş Universal Səhmdar Bankı (BUSB) və “Azər-Türk bank” səhmdar-kommersiya bankı. İyunda BBVB-nin ABŞ dolları üzrə hərraclarında cəmi 19 bank iştirak etmişdir. Ötən ay ərzində iyirmi ticarət sessiyası keçirilmiş və 93 sövdələşmə imzalanmışdır. Valyuta seksiyasında ABŞ dolları üzrə hərracların ümumi həcmi iyun ayında 59 milyard 418 milyon manat və yaxud 12,077 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2002-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 15 faiz çoxdur, cari ilin may ayındakından isə 16,3 faiz azdır. İyun hərraclarının ümumi həcmindən elektron sistemində sövdələşmələrin payına 5,437 milyon dollar və yaxud 45 faiz düşür. ABŞ dollarına münasibətdə Azərbaycan manatının orta hesablanmış məzənnəsi iyun ayında 1 ABŞ dolları üçün 4919,89 manat təşkil etmişdir, halbuki 2003-cü ilin mayında bu rəqəm 4914,74 manata bərabər idi.