BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
Bakı, 8 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Açıq qapı” günləri başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iyulun 28-dən avqustun 8-dək baş tutan “Açıq qapı” günlərində ümumilikdə 1259 abituriyent iştirak edib. Onlardan 803-ü qız, 456-sı oğlandır. Həmin abituriyentlərin 448 nəfəri qəbul imtahanlarında 200-400, 649 nəfəri 400-600, 162 nəfəri isə 600 və daha yüksək bal toplayıb.
“Açıq qapı” günləri çərçivəsində universitet əməkdaşları tərəfindən abituriyentlər üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, ixtisas seçimi ilə bağlı suallar cavablandırılıb. Hər gün təşkil olunan sessiya və kampusdaxili ekskursiyalar müddətində isə Universitetin akademik və sosial fəaliyyəti, eləcə də tələbələr üçün yaradılan təhsil imkanları haqqında geniş məlumat verilib.