BDU-da yaz imtahan sessiyası davam edir
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) iyunun 1-dən başlayan 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 16:30-dək keçirilir.
İyunun 16-da bakalavriat səviyyəsində 225 qrup üzrə 5230, magistratura səviyyəsində 90 ixtisaslaşmada 708 tələbə imtahan verir. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.