BDU-nun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
Bakı, 12 aprel, AZƏRTAC
İsveçin Linköpinq Universitetinin koordinatorluq etdiyi “Partnyor universitetlərdə mobil aplikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” - MAGnUS layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsinin optimallaşdırma və idarəetmə kafedrasının dosenti Aytəkin Əfəndiyeva və beynəlxalq elm-təhsil proqramları, qrantlar və informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Əsgər Zeynalabdinov İsveçin Linköpinq şəhərində keçirilən təlimdə iştirak ediblər.
Ə.Zeynalabdinov BDU-nun tarixi, təhsilin əsas istiqamətləri, MAGnUS layihəsində rolu haqqında təqdimatla çıxış edib. A.Əfəndiyeva isə magistr proqramı haqqında ümumi məlumat verib.
Xatırladaq ki, Bakı Dövlət Universiteti layihəyə 2018-ci ildən qoşulub.