DÜNYA
BƏƏ-nin “Masdar” şirkəti Misirdə “yaşıl hidrogen” stansiyası inşa edəcək
![BƏƏ-nin “Masdar” şirkəti Misirdə “yaşıl hidrogen” stansiyası inşa edəcək](/files/2022/1/1200x630/16508770996071147477_1200x630.jpg)
Qahirə, 25 aprel, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda bərpaolunan enerji obyektləri inşa edən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Misirdə hidrogen istehsalı stansiyasına sərmayə qoyacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qahirədə Misirin Baş naziri Mustafa Mədbulinin iştirakı ilə “Masdar” şirkəti və Misirin Elektrik Transmissiyası Şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Sənəddə “Masdar”ın və Misirin dövlət şirkətinin Süveyş Kanalı Azad İqtisadi Zonasında hidrogen enerjisi istehsalı üzrə konsorsium yaratması, 2030-cu ilədək “yaşıl hidrogen” istehsalının 480 min tona qədər artırılması nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən Misirin Baş naziri xarici şirkətləri Süveyş Kanalı Azad İqtisadi Zonasında “yaşıl hidrogen” istehsalına sərmayə qoymağa dəvət edib. O bildirib ki, hökumət kanalın 72 kilometr uzunluğunda olan ərazisini “yaşıl marşrut”a çevirmək niyyətindədir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə