CƏMİYYƏT
Belarusun Bakıdakı səfirliyində Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr edilmiş seminar keçirilib
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 30-u Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günüdür. Bu münasibətlə iyulun 30-da Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə seminar təşkil edilib.
Seminar çərçivəsində panel diskussiyalarında Belarus Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Leonid Lavrov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri vəzifəsini icra edən Sərxan Aktopraq, Beynəlxalq Miqrasiya Təşkilatının Vyanada yerləşən, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrini əhatə edən regional bürosunun miqrantlara kömək üzrə baş mütəxəssisi An Nquyen, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət Miqrasiya Xidməti yanında Miqrasiya prosesinin tənzimlənməsi şöbəsinin rəisi vəzifəsini icra edən Rövşən Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında İnsan Alverindən Zərər Çəkənlərə Yardım Mərkəzinin direktoru Rüxsarə Axundova çıxış ediblər.
Seminar iştirakçılarına Belarusun insan alverinə qarşı mübarizə sahəsində milli və beynəlxalq səyləri barədə film göstərilib, traffikinqə (insan alverinə) qarşı qlobal mübarizədə Belarusun rolu haqqında materiallar təqdim edilib.
İnsan alveri probleminin həllinə - mütəmadi informasiya işindən başlayaraq traffikinq qurbanlarının reabilitasiyasına qədər bütün mərhələlərə - Azərbaycanın sistemli yanaşması qeyd edilib.
Azərbaycan Respublikası dövlət orqanlarının nümayəndələri insan alverinə qarşı mübarizə məsələlərində belaruslu həmkarlar və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın bu qlobal problemə qarşı daha səmərəli mübarizə aparmağa imkan verməsini vurğulayıblar.