SİYASƏT
Belarusun paytaxtında MDB Dövlət Başçıları Şurasının və Xarici İşlər Nazirləri Şurasının iclasları keçiriləcəkdir
Minsk, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 25-də Belarusun paytaxtında MDB Dövlət Başçıları Şurasının iclası olacaqdır. Bunu AZƏRTAC-a Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər.
Bir gün əvvəl, oktyabrın 24-də isə Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcəkdir. Xarici siyasət idarələrinin başçıları birgə fəaliyyətin müxtəlif aspektlərinə aid 18 sənəd layihəsini müzakirə edəcəklər.
İclasda 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin bayramı edilməsi, bu münasibətlə yubiley mükafatlarının təsis olunması nəzərdən keçiriləcəkdir. Bundan başqa, yubileylə bağlı əsas tədbirlər planı müzakirə olunacaqdır. Bu plan təqribən 60 müxtəlif tədbirdən ibarətdir.
Humanitar sahədə daha mühüm bir sənəd 2020-ci ilədək olan dövr üçün turizm sahəsində üzv dövlətlər arasında əməkdaşlığın inkişafı strategiyasıdır. Layihədə turizm sahəsində MDB ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və Birliyin ümumi turizm məkanının formalaşdırılmasının məqsəd və vəzifələri, prinsipləri, əsas istiqamətləri və mexanizmləri müəyyənləşdirilmişdir.
“Birliyin mədəni paytaxtları” Dövlətlərarası Proqramının 2014-cü ildə Qazaxıstan Respublikasında və Qırğızıstan Respublikasında həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar müzakirəyə təqdim edilən qərar layihəsində Almatı və Oş şəhərlərinin Birliyin mədəni paytaxtları elan olunması nəzərdə tutulur.
MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlığı 2020-ci ilədək olan dövr üçün müvafiq strategiya ilə nizama salınır. Xarici İşlər Nazirləri Şurasının iclasında 2014-2015-ci illər üçün bu strategiyanın həyata keçirilməsi planı müzakirə ediləcəkdir. Nazirlər baza təşkilatları təsisatının inkişafı ilə əlaqədar məsələləri də nəzərdən keçirəcəklər.
İclasda cinayətkarlığa, terrorizmə və ekstremizmin digər təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomaniyaya, insan alverinə qarşı birgə mübarizə tədbirlərinə dair ortamüddətli dövlətlərarası məqsədli proqram layihələrini müzakirəsi və təsdiq edilməsi ilə planlaşdırılır.
Həmçinin iclasda korrupsiyaya qarşı dövlətlərarası mübarizə şurasının yaradılması haqqında saziş layihəsi müzakirə ediləcəkdir.
Tərəflər Birliyin Fərmanı ilə mükafatlandırma haqqında qərar layihələrini də nəzərdən keçirəcək və növbəti profil iclasın vaxtını müəyyənləşdirəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk