BƏLƏDİYYƏLƏRİN UĞURLA FORMALAŞMASI DEMOKRATİK İSLAHATLARIN TƏZAHÜRÜDÜR
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq qrupu Azərbaycanda bələdiyyələrin təşkili və fəaliyyəti sahəsində mövcud vəziyyətlə tanış olmaq məqsədi ilə ölkəmizə səfərə gəlmişdir.
Konqresin vitse-prezidenti cənab Jan Klod Frekonun rəhbərlik etdiyi monitorinq qrupu ilə Ədliyyə Nazirliyi nəzdindəki Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzində görüş keçirilmiş, faydalı fikir mübadiləsi aparılmışdır. Sonra qonaqlar ədliyə naziri Fikrət Məmmədovla görüşmüşlər.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar və əldə edilmiş nailiyyətlər barədə qonaqlara məlumat verən nazir Azərbaycanda yeni təsisat olan bələdiyyələrin formalaşmasının bu islahatların təzahürü olduğunu vurğulamış, ölkədə 2667 bələdiyyənin və 22 minə yaxın bələdiyyə üzvünün fəaliyyət göstərdiyini söyləmişdir. O, bu uğurların heç də asan başa gəlmədiyini, islahatların ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, ölkə əhalisinin bir milyona qədərinin qaçqın və məcburi köçkün vəziyyətində olduğu dövrdə aparıldığını vurğulamış, Azərbaycanın demokratik inkişafına görə regionunun ən sabit dövlətlərindən olduğunu bildirmişdir.
Görüşdə ölkəmizin qoşulduğu “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının prinsipləri əsasında bələdiyyələrin təşkili və fəaliyyəti ilə bağlı 17 qanun və 70-ə yaxın normativ-hüquqi aktın qəbul edilməsi, bu sahəyə xüsusi diqqət yetirən Prezidentin Sərəncamı ilə Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzinin yaradılması razılıqla vurğulanmış, bələdiyyələrin qanunvericilik bazasının daha da inkişaf etdirilməsi və işlək mexanizmlərin formalaşdırılması barədə səmərəli fikir mübadiləsi aparılmışdır.
Ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericiliyin beynəlxalq normalara uyğunluğundan və qısa müddətdə bu sahədə əldə edilmiş nailiyyətlərdən məmnun qaldığını bildirən cənab J.Frekon Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinqinin bütün Avropa dövlətlərindən keçirildiyini və onun nəticələrinin Avropa Şurasında müzakirə olunduğunu bildirmiş, onları maraqlandıran suallara verilən ətraflı cavablara və faydalı fikir mübadiləsinə görə minnətdarlıq etmişdir.
Səfər proqramına uyğun olaraq, monitorinq qrupu Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Bakı Şəhər İcra Hakimiyyətində, Milli Məclisinin regional məsələlər daimi komissiyasında, diplomatik nümayəndəliklərdə, bir sıra beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, rayon, şəhər bələdiyyələrinin rəhbərləri ilə və digər görüşlər keçirəcəklər.