CƏMİYYƏT
Bərdə rayonunda şəhidlərin xatirəsi anılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı Fatma Yıldırım, həmçinin bir qrup Azərbaycan və Türkiyə ziyalısı Bərdə rayonunda Şəhidlər xiyabanını ziyarət edib. Onlar 44 günlük Vətən müharibəsində Ermənistanın mülki əhalini raket atəşinə tutduğu ərazidə də olublar.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, məzarları üzərinə çiçəklər düzülüb. Milli Məclisin deputatları şəhidlərimizin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini bildiriblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması, orada əsaslı bərpa-quruculuq işlərinin aparılması, Zəngilandan olan vətəndaşlarımızın evlərinə qayıtması dövlətimizin gücünün və qüdrətinin göstəricisidir.
Bildirilib ki, 44 günlük müharibədə cəbhədən uzaqda yerləşən Bərdənin raket atəşinə tutulması Ermənistan hərbi-siyasi rəhbərliyinin vandallığının əyani təzahürüdür.
Milli Məclisin deputatları şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.