İQTİSADİYYAT
Berlində “Cənubi Qafqazda enerji təhlükəsizliyi – “Cənub qaz dəhlizi” və onun geosiyasi mühiti” adlı beynəlxalq konfrans keçirilmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Berlində Almaniyanın tanınmış beyin mərkəzlərindən olan Beynəlxalq Əlaqələr üzrə Alman Şurasının (DGAP) təşkilatçılığı ilə “Cənubi Qafqazda enerji təhlükəsizliyi - “Cənub qaz dəhlizi” və onun geosiyasi mühiti” adlı beynəlxalq konfrans keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “bp Avropa” şirkətinin dəstəklədiyi konfransda əsasən Azərbaycanın “Cənub qaz dəhlizi”nin formalaşdırılmasındakı strateji rolu və Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfə müzakirə edilmişdir.
Konfransın açılışında DGAP-ın baş katibi Baron Paul von Maltzahn, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazov çıxış etmişlər.
Baron von Maltzahn DGAP tərəfindən təşkil olunan bu konfransın həm Avropa İttifaqının (Aİ), həm də Azərbaycanın mövqelərinin geniş auditoriyaya çatdırılmasına xidmət etdiyini vurğulamışdır.
Səfir Pərviz Şahbazov Azərbaycan və Avropa arasında hələ 20 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan enerji əməkdaşlığının “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə növbəti mühüm mərhələyə daxil olduğunu bildirmişdir. P.Şahbazov Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu qeyd etmişdir. O, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunda ciddi qeyri-sabitlik mənbəyi olduğunu, regional əməkdaşlıq və Aİ ilə enerji tərəfdaşlığının inkişafı üçün də təhlükə yaratdığını bildirmişdir.
Konfransın DGAP-ın prezidenti Eberhard Zandşnayderin moderatorluğu ilə keçən panel müzakirələrinin “Cənubi Qafqazda enerji təhlükəsizliyi - Geniş Xəzər regionundan baxış” adlı hissəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyov məruzə ilə çıxış etmişdir. O, “Şahdəniz-2”nin işlənməsinin və “Cənub qaz dəhlizi” boru kəməri layihəsinin reallaşmasının birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və texniki cəhətdən ən mürəkkəb layihələrdən hesab olunduğunu diqqətə çatdırmışdır.
Panel müzakirələrində “ADA” Universitetinin dosenti Elnur Soltanov və Türkiyənin TOBB Universitetinin dosenti Şaban Kardas məruzə ilə çıxış etmişlər. Mütəxəssislər ötən ilin dekabrında Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını Azərbaycan qazının Avropaya nəqli istiqamətində mühüm addım kimi dəyərləndirmişlər.
Konfransın panel müzakirələrinin “Cənubi qaz dəhlizi - Avropa İttifaqının baxışı” adlı hissəsində Almaniya Xarici İşlər Nazirliyinin Qloballaşma, Enerji və İqlim Siyasəti idarəsinin direktoru Miguel Berger, Aİ-nin Enerji Komissarlığının əməkdaşı Paula Pinho, Trans-Adriatik boru kəmərinin (TAP) xarici əlaqələr üzrə direktoru Michael Hoffmann və Oxford Enerji tədqiqatları üzrə institutun baş elmi işçisi Simon Pirani çıxış etmişlər. P.Pinho “Cənub qaz dəhlizi”nin Aİ üçün də strateji əhəmiyyət kəsb etdiyini söyləmişdir. M.Berger isə çıxışında Avropaya yeni enerji dəhlizinin yaradılmasında Azərbaycanın vacib rol oynadığını bildirmişdir. Alman diplomatı, həmçinin ikitərəfli iqtisadi münasibətlərimizin çiçəklənmə dövrü yaşadığını və təkcə enerji sahəsini əhatə etmədiyini vurğulamışdır.