CƏMİYYƏT
Beyləqanda məskunlaşmış füzulili məcburi köçkünlərin problemləri həllini tapır
Beyləqan, 21 fevral (AZƏRTAC). Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri Beyləqan rayonunda müvəqqəti məskunlaşmış həmyerliləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar.
AZƏRTAC xəbər verir ki, Beyləqan Rayon Mədəniyyət Evində keçirilən görüşdə rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndələri və 150 nəfərdən çox füzulili məcburi köçkün iştirak etmişdir.
Tədbirdə çıxış edənlər məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların problemlərinin həlli, sosial rifahının və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq və abadlıq işlərindən danışmışlar. Bildirilmişdir ki, Beyləqan rayonunda hazırda Füzuli rayonundan olan 4850 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
Görüşdə məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Qaldırılmış məsələlərin bir çoxu yerindəcə həll edilmiş, bəzilərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Məcburi köçkünlər onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.