İQTİSADİYYAT
Beyləqanda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir
Beyləqan, 12 noyabr (AZƏRTAC). Beyləqanda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə Beyləqanın Şərq giriş kompleksi tikilmiş, yolboyu müasir işıqlandırma sistemi quraşdırılmışdır. “Soyqırımı” memorial abidə kompleksinin ətrafı abadlaşdırılmış, yaşıllaşdırılmışdır. Bu dövrdə Heydər parkında 2 min 850 kvadratmetr sahəyə müasir tamet daşlardan örtük döşənmiş, 2 min 700 kvadratmetr sahəyə yaşıl çəmənliklər salınmışdır.
360 yerlik orta məktəb binası, Şəfəq qəsəbəsində gündəlik istehsal gücü 15 ton olan yağ-pendir zavodu, 6,5 min ton tutumu olan soyuducu anbar, “Ekologiya parkı”, təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə 48 fərdi ev istifadəyə verilmişdir. Hazırda üçmərtəbəli ticarət-xidmət kompleksinin, çoxprofilli kənd təsərrüfatı sərgi kompleksinin tikintisində son tamamlanma işləri aparılır. Mərkəzi rayon xəstəxanasının, telekommunikasiya qovşağının binaları əsaslı təmir edilir, “Kral” şadlıq sarayının, xeyir-şər evinin, digər iri istehsal, emal, xidmət müəssisələrinin, onlarca yaşayış binasının tikintisi davam etdirilir. Ötən dövrdə müasir tibbi avadanlıqla təchiz olunmuş “ViVA-L” özəl tibb mərkəzi, sanatoriya tipli “Naftalan” müalicəxanası yaradılmış, Təzəkənd kənd xəstəxanası, Bünyadlı və İkinci Şahsevən kənd orta məktəbləri əsaslı təmir edilmişdir.
Cari ildə keçirilən iməciliklərdə rayonda 40 mindən artıq ağac əkilmişdir. Bu dövrdə Heydər Əliyev Mərkəzinin, mərkəzi şəhər parkının, Mücirəddin Beyləqani xiyabanının ərazisində 4,5 min kvadratmetrdən çox ərazidə yaşıl çəmənliklər salınmış, dekorativ kollar əkilmişdir.