BEYNƏLXALQ BÖHRAN QRUPU ERMƏNİSTANDAKI SİYASİ REJİMİ PİSLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun (BBQ) saytında yerləşdirilmiş materialda deyilir: “Ermənistanın yeni seçilmiş prezidentinin aprelin 9-na təyin olunmuş andiçmə mərasimi bu ölkədə ciddi siyasi böhran şəraitində keçdiyi üçün beynəlxalq birlik siyasi gərginliyi aradan qaldırmaq, siyasi məhbusları azad etmək, habelə gələcəkdə regionda vəziyyətin sabitləşməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərmək üçün Ermənistan iqtidarına təsir göstərməlidir”.
BBQ fevralın 19-da Ermənistanda prezident seçkilərinin keçirilməsi, daha sonra iqtidarın müxalifətin müqavimətini qıraraq, ölkədə fövqəladə vəziyyət elan etməsi reallıqlarını öyrənərək belə qənaətə gəlmişdir ki, yeni seçilmiş prezident Serj Sarkisyan prezident Robert Koçaryan tərəfindən idarə olunan varisdir. Müşahidəçilər vurğulayırlar ki, seçkilər gedişində yol verilmiş ciddi qanun pozuntuları, habelə müxalifətin çıxışlarının amansızlıqla yatırılması və çoxsaylı həbslər Ermənistan cəmiyyətini parçalamışdır.
Qrupun Qafqaz layihəsinin direktoru Maqdalena Frixova demişdir: “Ermənistan demokratiyasının saxtalaşdırılmış seçkilərlə, hakimiyyəti öz əllərində cəmləmiş iqtidarın, ordunun və təhlükəsizlik xidmətlərinin özbaşınalığı və cəzasızlığı ilə bağlı ciddi problemləri vardır”.
BBQ Ermənistandakı son böhranı qiymətləndirərək S.Sarkisyan hökumətini öz fəaliyyətinə müxalifətlə dialoq yaratmaqdan, məhbusları azad etməkdən, müxalifətin təqib olunmasını dayandırmaqdan, söz və yığıncaq azadlığını məhdudlaşdıran əngəlləri aradan qaldırmaqdan başlamağa çağırmışdır.
Avropa ölkələrinin, ABŞ-ın, habelə Ermənistana təzyiq vasitələri olan digər ölkələrin hökumətləri Yerevana anlatmağa çalışmalıdırlar ki, demokratik islahatlar yoluna qədəm qoymayacağı təqdirdə Ermənistanla əməkdaşlıq çətinləşəcəkdir. Əks halda, ABŞ və Aİ Ermənistana yardımı dayandırmalı və onunla sıx əməkdaşlıqdan yayınmalıdırlar.