BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Botanika və bitki fiziologiyası kafedrasında professor-müəllim heyəti tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanın flora müxtəlifliyinin qorunması, kənd təsərrüfatında dayanıqlı bitki resurslarından səmərəli istifadə olunması və qlobal iqlim dəyişiklikləri fonunda ekosistemlərin davamlı inkişafı baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Bu barədə AZƏRTAC-a kafedranın müdiri professor Elşad Qurbanov məlumat verib. Onun sözlərinə görə, kafedrada həyata keçirilən tədqiqatlar ölkənin müxtəlif floristik bölgələrində bitki örtüyünün öyrənilməsi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin müəyyənləşdirilməsi və mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də genetik ehtiyatların saxlanılması istiqamətlərini əhatə edir. Aparılan elmi işlər nəticəsində əldə edilən məlumatlar Azərbaycanın təbii sərvətlərinin səmərəli idarə olunması və ekoloji balansın qorunması üçün mühüm baza rolunu oynayır.
Professor Elşad Qurbanov bildirib ki, iqlim dəyişikliklərinin təsiri altında bitki örtüyünün adaptasiya imkanlarının öyrənilməsi, onların stres faktorlarına davamlılığının artırılması və ekosistemlərdə funksional rolunun qiymətləndirilməsi müasir botanika elminin əsas istiqamətlərindəndir. Bu çərçivədə müxtəlif bitki növlərinin bioloji xüsusiyyətləri, yayılma arealları və ekoloji uyğunlaşma mexanizmləri geniş şəkildə araşdırılır. Tədqiqatların mühüm nəticələrindən biri də kənd təsərrüfatı üçün perspektivli yerli bitki növlərinin aşkar edilməsi və onların məhsuldarlıq, davamlılıq və iqlim streslərinə dözümlülük xüsusiyyətlərinin öyrənilməsidir. Bu isə aqrar sahədə dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir.
“Botanika və bitki fiziologiyası kafedrası ölkənin müxtəlif elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq şəraitində flora ehtiyatlarının öyrənilməsi, mühafizəsi və bərpası üzrə kompleks layihələr həyata keçirir. Bu layihələr nəticəsində Azərbaycan florasının sistematik tədqiqi genişlənir, yeni elmi məlumat bazaları formalaşdırılır və əldə olunan nəticələr beynəlxalq elmi müstəvidə təqdim olunur”, - deyə alim bildirib.