İQTİSADİYYAT
Beynəlxalq Külək Enerjisi Birliyi: 2032-ci ildə dənizdə külək enerjisi gücünün 447 QVt-a çatacağı proqnozlaşdırılır
![Beynəlxalq Külək Enerjisi Birliyi: 2032-ci ildə dənizdə külək enerjisi gücünün 447 QVt-a çatacağı proqnozlaşdırılır](/files/2023/3/1200x630/1694090704929358777_1200x630.jpg)
Bakı, 7 sentyabr, AZƏRTAC
2022-ci ildə dünyada dənizdə külək enerjisinin gücü 64,3 QVt-a çatıb. Bu güc ümumi külək enerjisi gücünün 7,1 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Külək Enerjisi Birliyinin (GWEC) “Dənizdə Külək Enerjisi 2023” hesabatında bildirilir.
Hesabatda deyilir ki, 2022-ci ildə dənizdə 8,8 QVt gücündə külək elektrik stansiyaları şəbəkəyə qoşulub. Bu da 16 faiz artım deməkdir. Növbəti on ildə (2023-2032-ci illər) dənizdə 380 QVt-dan çox külək enerjisi gücünün istifadəyə veriləcəyi, bununla da 2032-ci ildə dənizdə külək enerjisi gücünün 447 QVt-a çatacağı proqnozlaşdırılır.
Dənizdə quraşdırılan yeni (2022-ci ildə) külək enerjisi qurğularının ölkələr üzrə payı Çin - 57,6 faiz, Birləşmiş Krallıq -13,4 faiz, Tayvan -13,4 faiz; Fransa - 5,5 faiz, Niderland - 4,2 faiz, Almaniya - 3,9 faiz, Norveç- 2 faiz olub. Beləliklə, 2022-ci ildə dənizdə külək enerjisi qurğularının 72 faizi Asiya-Sakit okean regionunda, 28 faizi isə Avropada quraşdırılıb.
Ümumilikdə, dənizdə külək enerjisi qurğularının 52,9 faizi Asiya-Sakit okean regionunda, 47,1 faizi Avropada, 0,1 faizi isə Şimali Amerikada quraşdırılıb.
Xatırladaq ki, Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 QVt-dır. Dənizdə külək enerjisi layihələrinin icrası məqsədilə xarici investorlarla müqavilələr imzalanıb.
Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən 2022-ci il iyunun 3-də təqdim edilmiş yeni Yol Xəritəsində göstərildiyi kimi, 2040-cı ilədək Azərbaycan uzunmüddətli strategiya və ona əsasən həyata keçiriləcək infrastruktur inkişafı, yatırımlar və siyasətlər sayəsində dəniz küləyindən enerji hasilatı üçün 7 giqavatt qoyuluş gücünə nail ola bilər, bu da öz növbəsində ölkənin dekarbonlaşma və dayanıqlı iqtisadi artım kimi paralel prioritetlərinin icrasında vacib rol oynayacaq. Kiçik artım ssenarisinə əsasən, Azərbaycanda dəniz külək energetikası mötədil templə inkişaf edərək, 2040-cı ilədək 1,5 giqavatt qoyuluş gücünə malik olacaq və dekarbonlaşdırılmış enerji istehsalının 7 faizini təmin edəcək. Yüksək artım ssenarisində daha iddialı artım templəri nəzərdə tutulur: 2040-cı ilədək dəniz külək energetikasının qoyuluş gücü 7,2 giqavatta çataraq ölkənin enerji təchizatının 37 faizini təmin edə bilər.