SİYASƏT
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Ermənistanda azərbaycanofobiyaya dair hazırladığı hesabatın ingilis versiyasını təqdim edib
![](/files/galleryphoto/2021/2/1200x630/16244769064203013908_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1624476906477182066_1200x630.jpg)
Bakı, 23 iyun, Rauf Hacıyev, AZƏRTAC
Sülhə doğru getmək istəyiriksə, Ermənistanda kök salmış Azərbaycanofobiya problemi həll edilməlidir. Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Ermənistanda azərbaycanofobiya: Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatın ingilis versiyasının təqdimatı zamanı səsləndirilib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət tədbir hesabatın təqdimatı ilə başlayıb, sonra Ermənistandakı seçkilərin nəticələrinə dair müzakirələrlə davam edib.
Tədbiri açan BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib: “Hazırda hər iki cəmiyyətdə problemlər olmasına baxmayaraq Ermənistanda azərbaycanofobiya daha dərin köklərə malikdir. Azərbaycanofobiya Ermənistanda yalnız sosial mediada müşahidə edilmir, eyni zamanda dövlət tərəfindən idarə olunan bir siyasətdir. Ermənistanda azərbaycanlılarla bağlı formalaşdırılmış mifoloji baxış əslində müəyyən dərəcədə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasına kömək edib”.
Ermənistandakı parlament seçkiləri haqqında danışan Fərid Şəfiyev bildirib ki, seçkinin nəticələri bir az ümidverici olsa da yenidən seçilən hökumətin siyasətinin nə olacağını dəyərləndirmək üçün çox tezdir. “Seçkilərin nəticələri daha çox Ermənistan əhalisinin Koçaryan rejiminə qarşı bir seçimi idi. Ermənilər həm də islahatların davam etdirilməsinin lehinə seçim etdilər. Paşinyan hakimiyyəti demokratiya demək deyil. O, yalnız ermənilər üçün demokratiyadan danışırsa, bu irqçilikdir. Unutmamalıyıq ki, Gəncədə mülki şəxslərə qarşı gecə saatlarında raket atmaq əmrini Paşinyan vermişdi”, - deyə Fərid Şəfiyev qeyd edib.
Daha sonra tədbir sual-cavab şəklində davam etdirilib.