SİYASƏT
BEYNƏLXALQ PROKURORLAR ASSOSİASİYASI İCRAİYYƏ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI AZƏRBAYCAN PAYTAXTINDA KEÇİRİLİR
1996-cı ildə yaradılaraq 80-dən artıq ölkənin prokurorluq strukturlarını birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının amalı ədalətli, qərəzsiz, səmərəli cinayət təqibinin və ədalət mühakiməsinin həyata keçirilməsi, habelə cinayətkarlığa qarşı mübarizə problemlərinin həll olunması sahəsində müxtəlif dövlətlərin prokurorluq orqanlarının səylərini birləşdirməkdir. Bu nüfuzlu beynəlxalq təşkilatın fəaliyyətinin ilk ilindən onun təşkilati üzvü olan Azərbaycan Prokurorluğu Assosiasiyanın keçirdiyi tədbirlərdə fəal iştirak etmiş, səmərəli fəaliyyətlərinə görə ölkəmizin nümayəndələri təşkilatın xüsusi təltiflərinə layiq görülmüşlər.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatı və buna uyğun olaraq Azərbaycan Prokurorluğunda aparılan köklü dəyişikliklərin müsbət nəticəsi kimi, Assosiasiyanın ötən ilin sentyabr ayında Sidneydə keçirilmiş 6-cı illik konfransı və növbəti ümumi yığıncağında aparılmış müzakirələr zamanı təşkilatın rəhbər orqanının - İcraiyyə Komitəsinin iclasının may ayının 16-17-də Azərbaycan paytaxtında keçirilməsi qərara alınmışdır.
İclasda iştirak etmək üçün ölkəmizdə səfərdə olan 15-dək dövlətin prokurorluq və digər hüquq-mühafizə orqanları xidmətlərinin rəhbərləri Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov və ədliyyə naziri - Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Fikrət Məmmədovla birgə Şəhidlər Xiyabanını ziyarət etmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları üzərinə əklil və tər çiçək dəstələri qoymuşlar.
“Avropa” mehmanxanasının konfrans zalında Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin iclası öz işinə başlamışdır.
İclası giriş sözü ilə açaraq qonaqları səmimi salamlayan Zakir Qaralov Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli demokratik, o cümlədən, məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə əldə edilmiş yüksək nailiyyətlərdən danışmış, Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlığa toxunmuşdur.
Sonra Azərbaycan Respublikası Prezidenti İcra Aparatı hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısının tədbir iştirakçılarına müraciətini oxudu.
Müraciətdə möhtərəm Prezidentimiz Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığın, cinayətkarlığın qarşısının alınmasında saylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayaraq, məqsəd və məramlarının həyata keçirilməsində təşkilata uğurlar arzulamış, tədbir iştirakçılarının diqqəti Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsində beynəlxalq təşkilatların da nəzarət edə bilmədiyi terrorçuluq və cinayətkarlıq yuvasının yaradılmasına, belə vəziyyətin təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün təhlükəli olmasına cəlb etmişdir.
Assosiasiyanın prezidenti Nikolas Kauderi çıxış edərək İcraiyyə Komitəsinin iclasının yüksək səviyyədə təşkilinə və Assosiasiyanın fəaliyyəti ilə bağlı xoş sözlərinə görə Komitə üzvləri adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, ümumbəşəri bəla olan terrorçuluğa və digər cinayətkarlığa qarşı səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycan nümayəndəsinin Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsində təmsil edilməsinin faydalı olduğunu qeyd etmişdir.
Sonra İcraiyyə Komitəsinin iclası öz işini davam etdirərək, bir sıra təşkilati məsələlər, o cümlədən BPA-nın fəaliyyəti, 2002-ci ilin sentyabr ayında Londonda keçiriləcək ümumi yığıncağa hazırlıq məsələləri müzakirə edilmişdir.