Biləsuvarda Aprel şəhidlərinin xatirəsi anılıb
Bakı, 5 aprel, AZƏRTAC
Biləsuvarda 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr olunmuş “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bildirib ki, Aprel döyüşlərində Biləsuvardan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə fərqləniblər. Onlardan Dəmirli Hüseyn Zeynal oğlu, Novruzov Fərahim Nadir oğlu və Məmmədov Murad Vaqif oğlu qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıblar. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq Soltanov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov çıxışlarında gənclərimizdə vətənpərvərlik ruhunun Aprel döyüşlərində qazanılmış qələbədən sonra daha da yüksəldiyini və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını vurğulayıblar.
Tədbirin sonunda “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı videoçarx nümayiş olunub.
Sonra tədbir iştirakçıları şəhid qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər.