CƏMİYYƏT
Bilgəh qəsəbəsində abadlıq-quruculuq işləri aparılır
Bakı, 2 mart, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidənqurma və abadlıq işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, qəsəbənin Hökümə Qurbanova küçəsinin 1-ci döngəsinə eni 4 metr, uzunluğu 350 metr olmaqla yeni asfalt örtüyü vurulub, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılıb. Həmçinin məişət tullantıları qablarının ətrafı təmizlənib və daş hasarla çərçivəyə alınıb.
Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.