Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakı, 30 mart, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə profilaktik və maarifləndirmə tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbənin əməkdaşları kobud qayda pozuntusuna, avtoxuliqanlıq hərəkətlərinə yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücüləri müəyyənləşdiriblər.
Tədbir zamanı Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü, paytaxt sakini Anar Xəlilov əvvəlcə yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə başlayıb. Sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb. Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küçələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Həmin sürücü barəsində toplanan materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə inzibati qaydada 20 sutka həbs olunub. O, sürücülük hüququndan bir il müddətinə məhrum edilib.
Bundan başqa, tədbir zamanı yol hərəkəti qaydalarını pozan 100-dən çox sürücü inzibatı məsuliyyətə cəlb olunub. Aşkarlanan qayda pozuntularından 42-si yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər tərəfindən törədilib. Protokollardan 4-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1-i isə avtoxuliqanlıq edən sürücülərə tərtib olunub.
Binəqədi rayonu ərazisində sürücülər və piyadalar arasında profilaktik, eləcə də maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.