Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

BIR HƏSƏDIN TARIXI

Bu yaxınlarda, Azərbaycan kinosunun bayramı keçirilərkən tanınmış rejissor Vaqif Mustafayevin Azərbaycan Prezidenti Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi sənədli televiziya filminin yeddinci seriyasının ilk tamaşası oldu. Bu, əlamətdar bir hadisəyə çevrildi, film ictimaiyyət arasında, o cümlədən beynəlxalq miqyasda, habelə siyasi dairələrdə, müxtəlif nəsilləri təmsil edən insanlar arasında geniş əks-səda doğurdu. Film barədə çox danışılır, camaat onu maraqla müzakirə edir. Həmin ekran əsəri heç kəsi biganə qoymamışdır - axı, bu bizim tariximizdir.

Filmin müəllifi Heydər Əliyev ilə Mixail Qorbaçov arasındakı münasibətlərin - ən yeni dövrdə hadisələrin gedişinə xeyli dərəcədə təsir göstərmiş münasibətlərin bütün mahiyyətini ustalıqla açıb göstərir. Həqiqətən də indi, o dövrdən təxminən on beş il ötdükdən sonra tarixi prosesin qanunauyğunluğu özünü büruzə verir: faktların həqiqi çalarları və real cizgiləri aydın sezilir. Məhz buna görə də əlimə qələm alarkən mən, hər şeydən əvvəl, filmin müasirliyini və aktuallığını vurğulayıram. Yadımdadır, hələ 1996-cı ildə Mixail Qorbaçovun "Həyat və islahat" adlanan ikicildlik əsərini almışdım. İndi bu "qorbaçovnamə" üzərində təfsilatı ilə dayanmayacağam, təkcə onu deyim ki, həmin əsər "Milli siyasət: çətin axtarış" fəsli ilə bitirdi; o fəsildə isə düz səkkiz səhifə "Qarabağ partlayışı" mövzusuna həsr edilmişdi. Müəllif Heydər Əliyevi bu münaqişənin başlıca günahkarı kimi qələmə verməyə cəhd göstərmişdi. Odur ki, indi mən müqayisə metodundan istifadə etməklə, Azərbaycanın taleyində Heydər Əliyevin rolu barədə film rejissorunun suallarına SSRİ-nin keçmiş prezidentinin verdiyi olduqca "maraqlı" cavablara diqqəti cəlb etmək istəyirəm. Əgər o cavabları elə Qorbaçovun özünün 7-8 il bundan əvvəl verdiyi subyektiv qiymətlər və gəldiyi nəticələrlə müqayisə etsək, çox şey aydın olar.

Kitab və təkcə zamanın xüsusiyyətlərini deyil, həm də nəhəng ölkəni viran qoymuş bir insanın xarakterinin və təfəkkür tərzinin ziddiyyətliliyini, qeyri-ardıcıllığını və qeyri-səmimiliyini açıb göstərən tarixi sənədlərə çevrilir. Yəqin belə demək düzgün olar ki, tarixi güclü şəxsiyyətlər yaradır, zəiflər isə onu puç edirlər. Filmdə haqqında söhbət gedən həsəd, paxıllıq, sadəcə olaraq, bir insanın digərinə münasibəti deyildir. Bu, Mixail Qorbaçov kimi dağıdıcının həmişə yaradıcı və qurucu insan olmuş və indi də qurub-yaradan Heydər Əliyevə münasibətidir. Tarixin verdiyi qiymət sərt olsa da, ədalətlidir və biz bunu açıq-aşkar görürük: M.Qorbaçov SSRİ-ni dağıtdı, H.Əliyev isə 1969-1982-ci illərdə qabaqcıl sosialist respublikası yaratdı, 1993-cü ildən etibarən isə öz ölkəsini nəinki parçalanmaqdan və məhv olmaqdan xilas etdi, həm də yeni müstəqil Azərbaycanın memarı oldu.

İndi isə filmin özü haqqında.

"Dahilik və miyanəlik. Motsart və Salyeri. Həsəd nə qədər kor və amansız ola bilər". Filmin başlanğıcında bu titrlər gözə çarpır. Film Heydər Əliyevlə Mixail Qorbaçovun qiyabi mükaliməsi üzərində qurulmuşdur.

"Mən həmişə vicdanla, doğru-düzgün işləmişəm, nüfuzum olub, məni dəstəkləyiblər, etibar ediblər. Ona görə də hər zaman mənə həsəd aparıldığını hiss etmişəm", - Heydər Əliyev belə deyir. Mixail Qorbaçov onunla ilk, hələ qiyabi tanışlığı barədə danışır: "Korrupsiyaya, kadr durğunluğuna, hər cür qohumbazlığa və daha nələrə qarşı mübarizə. Bilirsinizmi, bu, hamıda böyük maraq doğurmuşdu. Mən qəzetlər - Azərbaycan qəzetləri yazdırıb almağa və informasiya əldə etməkdən ötrü onları oxumağa başladım. O vaxtlar adama elə gəlirdi ki, respublikanın, belə demək mümkünsə, lap zayı çıxıb, ancaq birdən-birə o, əməlli-başlı inkişaf etməyə başladı".

Onların ilk şəxsi görüşü Bakıda, 1970-ci il oktyabrın əvvəllərində Sovet Azərbaycanının 50 illiyi bayram edilərkən olmuşdur. Qarşılıqlı rəğbət məcrasında bu ünsiyyət Moskvada - Ali Sovetin sessiyalarında və partiya Mərkəzi Komitəsinin plenumlarında da davam etmişdir. 1972-ci ildə Azərbaycan partiya təşkilatının rəhbəri ailəsi ilə birlikdə Şimali Qafqazda sanatoriyada dincəlirdi. Sov.İKP Stavropol Vilayət Komitəsinin o zamankı birinci katibi M.Qorbaçovun dəvəti ilə onlar birlikdə Teberdaya, dağlara gəzintiyə çıxırlar. Yol uzunu xeyli söhbət edirlər. M.Qorbaçovun ilk təəssüratı:

"Heydər Əliyeviç mənim xoşuma gəldi. O, olduqca ünsiyyətcil insandır, istər ən yüksək, istərsə də lap adi səviyyədə söhbət aparmaq qabiliyyətinə malikdir. Olduqca gözəl həyat yoldaşı vardı. O, görkəmli tibb alimi, yüksək mədəniyyətli, dərin savadlı, alicənab, xoşxasiyyət qadın idi. Bütün bunlar təbiətən, elə indinin özündə də mənə yaxın olan xüsusiyyətlərdir... Buna görə də Heydər Əliyevlə biz yaxınlaşdıq".

Etiraf etməliyəm, həmin dövrdə mənə də elə gəlirdi ki, Heydər Əliyevin Mixail Qorbaçovla isti münasibətlərinin olması mümkündür və bunun üçün kifayət qədər tutarlı zəmin vardı. İş elə gətirdi ki, mən Moskvada xidməti ezamiyyətdə ikən Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə xanım Əliyevanın vəfat etdiyini eşitdim. Zərifə xanıma hamının sevgi və hörməti vardı və təbii ki, mən dəfn mərasimində iştirak etməyi özümə borc bildim. Yadımdadır, Tibb işçiləri evində rəhmətliklə vidalaşma mərasimində Sov.İKP MK Siyasi Bürosunun, demək olar, bütün üzvləri iştirak edirdilər. O illərin partiya həyatının "pərdəarxası" tərəfinə yaxından bələd olan şəxs kimi mən bilirdim ki, Baş katibin razılığı olmadan belə şey mümkün deyil. Üstəlik, dəfn mərasimi zamanı cənazəni ta qəbiristanlığa qədər müşayiət edən Raisa Maksimovna Qorbaçovanın siması yaddaşıma həkk olunmuşdur. Yağış yağırdı, yanındakılar "SSRİ-nin birinci xanımı"nın başı üzərində çətir tutmuşdular. Bütün bunlar yalnız bir şeydən - gələcək opponentlər (nəzakət naminə belə deyək) arasındakı dostluq münasibətlərindən soraq verə bilərdi.

Adını çəkdiyimiz kitabdan bir sitat gətirim: "Əliyev, heç şübhəsiz, böyük siyasətçidir, ağıllı, iradəli, ehtiyatlıdır. Əvvəl-əvvəl onun Azərbaycandakı fəaliyyətini izləyərkən mən şübhə etmirdim ki, o, korrupsiyanın, xəlvəti iqtisadiyyatın qatı düşmənidir. O, respublikanın inkişafı ilə bağlı bir çox məsələlərin həllinə ciddi girişmişdi". İfadəyə diqqət yetirin: sən demə, Qorbaçov yalnız "əvvəl-əvvəl... şübhə etmirdi”.

Yay. Krım. M.Qorbaçovla Y.Andropov söhbət edirlər. Danışırlar ki, L.Brejnev Heydər Əliyeviçi Moskvada işləməyə gətirmək niyyətindədir. O zamanlar Sov.İKP MK-nın kənd təsərrüfatı üzrə katibi olan M.Qorbaçov gecikmədən bunu Azərbaycan partiya təşkilatının rəhbərinə xəbər verir və yığcam cavab eşidir: "Bilirsinizmi, Mixail Sergeyeviç, mənimçün elə Bakı da yaxşıdır...".

L.Brejnev vəfat etdikdən sonra Sov.İKP MK-nın Baş katibi seçilən Y.Andropov Siyasi Büronun tərkibini heç olmazsa bir qədər yeniləşdirmək istəyirdi. Heydər Əliyevi Moskvaya dəvət edir, ona Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini təklif edir. Söhbət uzun çəkir. Heydər Əliyev təklifə görə Andropova minnətdarlığını bildirir, çünki o zamanlar bu, həqiqətən çox böyük etimad idi. Azərbaycan və Azərbaycan xalqı üçün isə o vaxtadək misli gorünməmiş ilk belə hadisə idi. Buna baxmayaraq, Heydər Əliyev Andropova deyir ki, Moskvaya gəlmək istəmir və Bakıda qalmağı daha üstün tutur. Doğrudan da, Heydər Əliyevin respublika ilə bağlı hələ çox geniş, qlobal planları vardı və o, bunları həyata keçirmək istəyirdi. Açıq-aşkar inciyən Y.Andropov etirazını bildirir: "Necə yəni? Axı siz məni Sovet İttifaqının rəhbəri kimi ağır bir vəzifəyə seçmisiniz, mənə dəstək lazımdır, kömək lazımdır. Mən səni ondan ötrü buraya gətirirəm ki, əl-ələ verib işləyək, sən isə istəmirsən". Sonra isə əlavə edir: "Bilirsən nə var, Azərbaycan artıq sənə darlıq edir, Moskvaya gəlməyinin vaxtı çatıb". Bundan sonra Heydər Əliyev razılıq verir, partiyanın ali siyasi orqanının üzvü seçilir və SSRİ hökuməti Sədrinin birinci müavini təyin olunur.

Mixail Qorbaçov xatırlayır: "Heydər Əliyeviç qabiliyyətli, bacarıqlı insandır, o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi hökuməti də real surətdə, tam gücü ilə işlədə bilərdi. Siyasi Büronun fəal üzvü və son dərəcə ciddi rəhbər idi. O, prinsipial məsələləri müzakirə edə bilən bir şəxs idi, onun səviyyəsi də, siyasi miqyası da buna imkan verirdi. Möhkəm iradi keyfiyyətlərə də malik idi." Amma Qorbaçovun təzadlarla dolu ikicildliyinə yenidən nəzər salanda dediklərinin tamamilə əksini oxuyuruq: "Lakin tədricən, Azərbaycandakı işləri dərindən öyrəndikcə mən anladım ki, baş verən dəyişikliklərin kökündə heç də birmənalı olmayan motivlər durur. H.Əliyev respublikaya başçılıq etmirdi, onu təzyiq metodlarının köməyi ilə idarə edirdi. Belə bir adamı indi Siyasi Büroya gətirirdilər." Bu da Qorbaçovun verdiyi qiymətlərdəki ardıcıllıq!

...Y.Andropovun vəfatından sonra Kremldə, həmişə olduğu kimi, yenə də hakimiyyət uğrunda mübarizə başlandı. V.Qrişinin, Q.Romanovun, M.Qorbaçovun və... adları hallandırılırdı. "Xaricdə mənim adım da çəkilirdi, - deyə Heydər Əliyev qeyd edir. - Amma mən qətiyyən bu iddiada deyildim. Qətiyyən. Baş katib K.Çernenko oldu".

Bir müddət sonra Heydər Əliyev Suriyaya yola düşür. Bu, uzun sürən ezamiyyət idi. Heydər Əliyev Moskvada olmadığı vaxtda Siyasi Büroda qızğın müzakirələr gedirdi: K.Çernenkodan sonra ikinci şəxs kim olmalıdır? Axı ikinci şəxs həmişə birinci yerə namizəddir. Siyasi Büro üzvlərinin bəziləri istəyirdilər ki, bu şəxs Heydər Əliyev olsun. Lakin M.Qorbaçovun da tərəfində duranlar vardı. Qorbaçov özü isə indi belə deyir: "H.Əliyevin Baş katib olması barədə fikri... mən hətta təsdiq də edə bilmərəm. Lakin, görünür, bunun səbəbi aydındır. Hər halda, kim isə slavyanlardan olmalı idi". Bəli, məhz belə! Açıq etirafına görə onu təqdir etməliyik. Heydər Əliyev Siyasi Büronun yeganə azərbaycanlı, müsəlman üzvü idi. N.Tixonov ondan üzr istəyərək demişdi: "Bilirsinizmi, orada ya rus olmalıdır, ya da heç olmazsa, ukraynalı yaxud belarus." Biz isə artıq bilirik ki, Azərbaycanın təmsilçisi, özünün də etiraf etdiyi kimi, bu vəzifənin qətiyyən iddiasında olmamışdır.

1985-ci ilin martında M.Qorbaçov Sov. İKP MK-nın Baş katibi seçildi və Kremlin ağası oldu. Bu, onun az sonra viran qoyduğu ölkənin həyatında faciəli bir hadisə idi. Belə bir fakt da olduqca əlamətdardır ki, M.Qorbaçovun ilk tərcümeyi-halı Nyu-Yorkda, özü də onun seçildiyi gün çapdan çıxmışdı. Buradan belə nəticə çıxarmaq olar ki, Qorbaçovun hakimiyyətə gələcəyindən ABŞ-da xəbərdar idilər və buna hazırlaşmışdılar. Sonradan M.Qeller də özünün "Rusiya tarixi" kitabında bu barədə yazacaq. Elə hadisələrin gedişi də bu fikri təsdiqləyir. Çünki seçildikdən dərhal sonra M.Qorbaçov çox dəyişdi ki, bu da diqqətdən yayınmadı. "Onun mənə də münasibəti dəyişdi, - deyə Heydər Əliyev xatırlayır, - namizədliyini fəal surətdə dəstəklədiyimə baxmayaraq, onun mənə münasibəti getdikcə pisləşirdi."

Doğrudan da, Siyasi Büronun K.Çernenkonun vəfatından sonra çağırılmış iclasında da, Baş katibin seçilməsi məsələsinin müzakirə edildiyi 11.03.1985-ci il tarixli iclasında da Heydər Əliyev M.Qorbaçovun lehinə danışmışdı: "Mixail Sergeyeviç sadədir, təvazökardır, hamı ilə ünsiyyət tapandır. Bu, bizə inamla belə deməyə imkan verir ki, o, Baş katib vəzifəsinin öhdəsindən layiqincə gələcəkdir. Buna görə də mən verilmiş təklifə tamamilə tərəfdaram" (MKMS, f. 89) Lakin Qorbaçov xatirələrində, nədənsə, bunu unudur. Onun namizədliyini dəstəkləyənlərin hamısının adlarını çəkir, hamısının -- təkcə Heydər Əliyevdən savayı. Əslinə qalsa, elə xatirələrin müəllifinin özü də Heydər Əliyevə münasibətində o zaman yaranmış kəskin dönüşü etiraf edir. Misal üçün, indi sitat gətirəcəyimiz sətirlərdə Qorbaçovun mövqeyinin ikiləşməsi və ehtiyatlandığı aydın görünür: "O, məhz elə adamlardan idi ki, yenidənqurma prosesini, demokratikləşmə prosesini çox qızğınlıqla, ürəkdən bəyənirdi. Hökumət çox işləməli olurdu. Operativ məsələlərlə o dövrdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini H.Əliyev məşğul olurdu. Sonra Yeqor Liqaçov işə qoşuldu - bu, mənim tapşırığım idi." Yeri gəlmişkən, Y.Liqaçovun ilk işgüzar səfəri Bakıya oldu. Dərhal da "diqqət yetirmişdi" ki, respublikada başlıca "nöqsan"lardan biri üzümçülüyün inkişafıdır. Y.Liqaçov Baş katibin adından qeyri-rəsmi olaraq V.Konovalova (həmin dövrdə o, Azərbaycan KP MK-nın ikinci katibi idi) tapşırır ki, Heydər Əliyevin birinci katib işlədiyi bütün dövr ərzində onun fəaliyyətinin (əsasən, kadr siyasəti ilə bağlı) yoxlanılması üçün komissiya yaratsın. M.Qorbaçovun köməkçisi A.S.Çernyayev "şef"i ilə söhbəti barədə öz gündəliyində belə yazır: "Sonra H.Əliyevin işini xatırlatdım. Dedi ki, hələ qazırıq, özü də, deyəsən, Rəşidovun işindən də betər olacaq". Bu məşum ifadələrin arxasında nə dayana bilərdi? Görünür, Əliyevin Kremldən sıxışdırılıb çıxarılması prosesi başlanmışdı. Bəs bunun əsas səbəbləri hansılardır?

Qorbaçovun üç cavabının variantı vardır.

Bunlardan birində M.Qorbaçov özünün bütün etirafları kimi, riyakarcasına bir açıqlama verir: "Yeniləşmə zamanı gəlmişdir." Təəccüblüdür ki, o, özü də Heydər Əliyevlə eyni nəsildən olan sovet siyasətçiləri cərgəsinə mənsub olmasına baxmayaraq, özünü bu yeniləşmədə tamamilə yerində hesab edirdi. Əslində isə, onun əvvəllər qeyd etdiyi bəzi xüsusiyyətlərə əsasən mühakimə yürütsək, görərik ki, elə məhz Heydər Əliyev yeniləşmənin rəmzi idi.

Cavabın başqa bir variantı: "Mən sizə bir şeyi də deyim: respublika tərəfindən çox böyük təzyiq var idi. Olduqca böyük təzyiq. Hələ üstəlik belə hesab edirdilər ki, o, buradakı mövqeyi ilə, burada qalmaqda davam etməsi ilə respublikaya mane olur. Mən də belə nəticəyə gəldim."

Bu, əlbəttə ki, cəfəngiyyatdır. Respublika Sov.İKP MK-ya heç bir təsir göstərə bilməzdi. Həm də o dövrdə respublika rəhbərliyində elə qüvvələr yox idi ki, Heydər Əliyevi tutduğu vəzifələrdən kənarlaşdırmaq məqsədi ilə M.Qorbaçova təzyiq göstərə bilsinlər.

Cavabının üçüncü variantında M.Qorbaçov özünün, belə deyək, real rəqibinin vəzifədən gedişini onun səhhəti ilə əlaqələndirir: "Axı, həmin vaxt o, çox bərk xəstələnmişdi."

Kadrda Heydər Əliyev: "Görünür, daha düzgün cavabı o, üçüncü halda vermişdir, lakin yenə də yarımçıq cavabdır. Bəli, mən xəstələnmişdim. Amma niyə xəstələnmişdim - bunu indiyəcən də başa düşə bilmirəm. Çünki mən heç vaxt ürəyimdən şikayət etməmişdim. Xəstələnməyimin səbəbi ilə bağlı mənim xeyli şübhəm vardır.". Qeyri-ixtiyari olaraq Motsart yada düşür, deyilmi? Axı, paxıllıq, həsəd hissi qəlbini qurd kimi gəmirən bədxah ona zəhər vermişdi...

"Bir dəfə həkimlər - görkəmli professorlar, akademiklər toplaşdılar. Onların adlarını çəkmək istəmirəm, çünki hesab edirəm ki, onlar təqsirkar deyillər. Bu adamlar mənimlə belə bir söhbətə başladılar ki, bilirsinizmi, yoldaş Əliyev (bəziləri Heydər Əliyeviç deyə müraciət edirdilər), bilirsinizmi, səhhətiniz elədir ki, işlədiyiniz yerdəki o böyük həcmdə işin öhdəsindən gəlmək Sizin üçün artıq çətin olacaq. Mən onlara çox qəzəbləndim, incidiyimi bildirdim və dedim ki, bilirsinizmi, sizin işiniz məni müalicə etməkdir, işin isə sizə dəxli yoxdur. Bundan sonra necə yaşayacağam, işləyəcəyəm, işləməyəcəyəm - bu, mənim işimdir", - deyə Heydər Əliyev o vaxtkı söhbəti sözbəsöz xatırlayır.

Heydər Əliyevin oğlu iləsə daha konkret söhbət etmişdilər. İ.Əliyev deyir: "O, xəstəxanadan çıxmaq ərəfəsində ikən 4-cü idarənin həkimləri mənimlə, necə deyərlər, "iş aparmağa" başlamışdılar. Məni öz konsiliumlarına çağırır və deyirdilər ki, atanız gələcəkdə fəal surətdə işləyə bilməyəcək, öz vəzifələrini yerinə yetirə bilməyəcək, buna görə də siz ona deyin ki, ərizə yazıb istefaya çıxsın".

Bəli, üstündən on ildən çox ötdükdən sonra ata ilə oğulun əsaslı şübhələri təsdiqləndi. Klivlenddə Kardioloji mərkəzdə müayinə olunarkən Heydər Əliyev, təbii ki, bu epizod barədə danışır, həm də heç bir siyasi çalar vermədən, sırf tibbi aspekti nəzərə çarpdırır. Belə bir fakt amerikalı həkimlərin diqqətindən kənarda qala bilməzdi. Çox dəqiq, hərtərəfli müayinə apardıqdan sonra onlar heç bir infarkt izi aşkar etməyiblər və heyrət içində qalıblar ki, Moskvada vaxtilə necə də asanlıqla və məsuliyyətsizcəsinə belə bir diaqnoz qoyublar.

Heydər Əliyev haqlı şübhələnirmiş, nəticəni isə qoy oxucular özləri çıxarsınlar...

SSRİ Nazirlər Soveti Sədrinin sabiq birinci müavini öz işində heç bir, təkrar edirəm, heç bir nöqsana yol verməmişdi, onun enerjisi isə Sov. İKP MK-nın keçmiş Baş katibi kimi onlarca siyasətçinin enerjisindən daha çox idi. Heydər Əliyev Moskvada qəflətən xəstələnməsini xatırlayaraq deyir: "Mən sadəcə əmin deyiləm, mən tam əminəm ki, bu, Qorbaçovun göstərişi ilə edilmişdi." Daha sonra əlavə edir ki, ona "Siyasi Büronun həyatından belə şeylər məlumdur." Misal üçün, SSRİ Nazirlər Sovetinin keçmiş Sədri A.Kosıginin ölümünə məhz belə bir yola əl atmaqla nail olmuşdular. Buna bənzər onlarca əhvalat olmuşdur. Götürək elə B.Yeltsini, MK plenumundakı məşhur çıxışından sonra Moskva həkimləri onu da xəstə salmışdılar. Beləliklə, Kreml "təbiblərinin" iş üsulu göz qabağındadır.

Suallara cavab verərkən Heydər Əliyev vurğulayır ki, vəzifəsindən məhz ona görə kənarlaşdırıldı ki, elə ilk günlərdən M.Qorbaçov ona qısqanclıqla yanaşır, onunla bir yerdə olmasını istəmirmiş. Onun beynində artıq Heydər Əliyevi Siyasi Büronun üzvü vəzifəsindən kənarlaşdırmaq və Sovet İttifaqı rəhbərliyindən çıxarmaq qərarı yetişirmiş. Lakin Qorbaçov adəti üzrə özünə bəraət qazandırır: belə şey ola bilməzdi, çünki heç zaman ola bilməzdi.

Heydər Əliyevin tutduğu yüksək vəzifələrdən kənarlaşdırılması məsələsinin Siyasi Büroda müzakirə edilib-edilməməsindən danışarkən Qorbaçov yazır: "Siyasi Büroda H.Əliyevlə bağlı heç bir müzakirə olmamışdı. Deməli, siz buna əsaslanıb deyə bilərsiniz ki, bunu M.Qorbaçov etmişdir. Xeyr, biz onunla söhbət etdik, açıq danışdıq. Bilirsinizmi, mən məsələni həmin kontekst çərçivəsində həll etməli idim". Bununla belə, Sov.İKP MK-nın plenumunda M.Qorbaçov Heydər Əliyev və onun işi barədə müsbət fikir söyləmişdi, lakin stenoqram dərc edilərkən Baş katibin özünün təkidi ilə həmin sözlər çıxarılmışdı.

Bəli, həqiqətən də, keçmiş Sov. İKP MK arxivinin materiallarını araşdırarkən bu məsələ ilə bağlı Siyasi Büronun hər hansı bir sənədini tapmaq mənə müyəssər olmadı. Lakin Heydər Əliyevin dediyi kimi, o əmindir ki, M.Qorbaçov milli məsələlərə son dərəcə qərəzli yanaşırdı və qeyri-slavyan millətlərdən olan layiqli kadrları görməyə gözü yox idi. Bu qənaətə o, M.Qorbaçovun özü ilə söhbətlərindən gəlmişdir. Söhbət əsnasında M.Qorbaçov bəzən Heydər Əliyevin slavyan olmadığını unudur, milli problemlərə dair özünün olduqca şübhəli mühakimələrini söyləyirmiş.

Bundan əlavə, Moskvadakı və xaricdəki erməni lobbisinin nümayəndələri M.Qorbaçova möhkəm "himayədarlıq" edirdilər. Onların Dağlıq Qarabağa olan iddiaları isə heç zaman səngimirdi. Heydər Əliyev Azərbaycandan getdikdən sonra bu iddialar daha da güclənmişdi, lakin nə qədər ki, o, Moskvada, Sovet İttifaqının rəhbərliyi tərkibində idi, həmin planlar həyata keçə bilməzdi.

Mənim fikrimcə, Heydər Əliyevi Siyasi Büronun və hökumətin rəhbər tərkibindən çıxarmaq üçün M. Qorbaçovun iki mühüm əsası olmuşdur. O illərdə Heydər Əliyevin nüfuzunun potensialı güclənir, o, daha çox tanınır, populyarlığı artırdı. Azərbaycan rəhbərinin sanballı siyasətçi fiquru ilə, Moskva Dövlət Universitetini bitirməsinə baxmayaraq, M.Qorbaçovun həm təfəkkür, həm də mədəniyyət səviyyəsindəki çətin ört-basdır edilən əyalət məhdudluğu arasındakı təzad xüsusilə aydın gözə çarpırdı. Raisa Qorbaçova ərini nə qədər yüksəyə "dartmağa" cəhd göstərsə də, onun təfəkkür səviyyəsi və sosial mənşəyi buna əngəl törədirdi. Təsadüfi deyil ki, bütün görüş və söhbətlərdə Raisa Maksimovna ərini müşayiət edirdi, həm də təkcə onun xanımı kimi deyil, daha çox müşaviri kimi. "Həyat və islahat" kitabında M.Qorbaçov az qala hər dəfə sözünə "Mən və Raisa Maksimovna" ifadəsi ilə başlayır.

Beləliklə, birinci səbəb paxıllıq olmuşdur - gizli, məkrli və daim qızışdırılan, hətta Salyerinin belə qibtə edə biləcəyi bir həsəd. Üzə gülüb yaltaqlanan M.Qorbaçov altdan-altdan öz işini görür, Heydər Əliyevi böyük siyasətdən uzaqlaşdırmağa hazırlaşırdı. İkinci səbəb isə o idi ki, Heydər Əliyevin Siyasi Büroda və ölkə rəhbərliyində olması Dağlıq Qarabağla bağlı hər hansı aksiyanın həyata keçirilməsini istisna edirdi.

Bunu belə bir fakt da sübut edir ki, Heydər Əliyevin Moskvada bütün vəzifələrindən kənarlaşdırılmasından düz 25 gün sonra Dağlıq Qarabağ böhranı başlandı. Bu məsələ ilə bağlı Mərkəzin Azərbaycana münasibətdə ədalətsiz siyasətinə qarşı Azərbaycanda etiraz mitinqləri başlandı ki, bunlar da respublikada sabitliyi pozurdu.

Heydər Əliyev qeyd edir ki, münaqişənin qarşısını hələ başlanğıcda almaq üçün Mixail Qorbaçovun hər cür imkanı var idi. Ancaq o, bunu nəinki etmədi, əksinə, Azərbaycana təzyiq göstərmək üçün başqa yol seçdi. Bunun da faciəvi zirvəsi gecə ikən Bakıya qoşun yeridilməsi və günahsız insanların qanının axıdılması oldu. Mərkəz çox ehtiyatlı, hətta biganə mövqe tutur, bununla da Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin dərinləşməsinə və kəskinləşməsinə şərait yaradırdı. Yalnız ehtiraslar həddindən artıq qızışanda Qorbaçova "aydın oldu ki, Xankəndi ilə bağlı Bakı və Yerevan arasındakı mübahisəni Moskva həll etməli olacaq". Bəs Baş katib nə təklif edirdi? O deyir: "Mənim fikrim belə idi: problemi siyasi vasitələrlə həll etmək lazımdır. Bəyan olunsun ki, MK sərhədlərin hər hansı bir şəkildə dəyişdirilməsini yolverilməz hesab edir. Dağlıq Qarabağın iqtisadi və mədəni inkişafına dair təkliflər hazırlansın. Qoy ermənilərlə azərbaycanlılar bir yerə toplaşıb, özləri məsələni həll etsinlər, biz isə onların istənilən qərarını qəbul edəcəyik. Müzakirələrə rus ziyalıları, fəhlələr cəlb olunsun."

Yerli rəhbərliyə kömək məqsədi ilə hər iki respublikaya Siyasi Büronun nümayəndələrini göndərmək qərara alındı. Y.Liqaçov və G.Razumovski Bakıya gəldilər. Təxirəsalınmaz, təcili və konstruktiv tədbirlər görülməsini tələb edən son dərəcə kəskin məsələ qəsdən, ziyalı və fəhlələr də daxil olmaqla, Ermənistan və Azərbaycan tərəflərinin iştirakı ilə diskussiyalar müstəvisinə keçirildi. Lakin Qorbaçov hətta bu cür "diskussiya klubuna" da rəhbərlik etmək istəmirdi (yəqin ki, bunun başlıca səbəblərindən biri ermənilərə rəğbət idi. Müəllif). "Qoy özləri məsələni həll etsinlər, biz isə onların istənilən qərarını qəbul edəcəyik". Beynəlxalq təcrübənin əksinə olaraq, dövlətin birinci şəxsinin vəziyyətlə şəxsən tanış olmaq, münaqişənin qızışmasının qarşısını yerindəcə almağa cəhd göstərməkdən ötrü nə Yerevana, nə də Bakıya getmək heç könlündən də keçmədi. Halbuki, bundan bir qədər öncə Ermənistanda zəlzələ baş verəndə o, özünün çox sevdiyi xarici səfərlərindən birini yarımçıq qoyub Ermənistana getmişdi! Cənubi Qafqazdakı siyasi zəlzələyə - iki xalq arasındakı münaqişəni isə öz gözü görməyi lazım bilmədi. Bunun əvəzinə başqalarını, məsələn, A.Yakovlevi göndərdi. O da gedib Yerevanda "adamları sakitləşdirdi" (yəqin elə Baltikyanı ölkələrdə də eynən bu cür sakitləşdirmişdi ki, onun səfərindən sonra "xalq cəbhələri" deyilən qurumların fəaliyyəti güclənmişdi). Bu da ona gətirib çıxardı ki, Qarabağ komitəsi fəaliyyətini genişləndirdi və 1988-ci ilin fevralında yarım milyona qədər adamı Azərbaycanın vilayətini Ermənistana birləşdirmək tələbi ilə küçələrə tökdü, habelə Ermənistan Ali Sovetinin köməyi ilə öz qərarlarından bir neçəsini dərc etdirdi (yeri gəlmişkən, Yakovlevin Qorbaçovdan konkret olaraq nə kimi təlimatlar aldığı bizə bəlli deyil, hər halda, onun dəstəyinə arxalanmasaydı, Yerevanda özünü belə aparmazdı. - Müəllif).

M.Qorbaçov "Həyat və islahat" kitabında yazır: "Hələ Sumqayıtdakı və Bakıdakı faciəli hadisələrdən əvvəl mütəxəssislərin (oxu: G.Şahnazarovun. - Müəllif) rəyi ilə tanışlıq məndə münaqişənin kökləri barədə kifayət qədər tam təsəvvür yaratmışdı. Ermənilərin farslardan, türklərdən nələr çəkdiyini xatırlayaq. 1915-ci il soyqırımını yaddaşlardan silmək olarmı? O zaman türklər milyon yarım ermənini qətlə yetirmiş, iki milyondan çox erməni isə dünyanın müxtəlif yerlərinə səpələnmişdi". Təbii ki, belə rəqəmləri M.Qorbaçova yalnız G.Şahnazarov diktə edə bilərdi. Gurultulu sözlər, tarixi sənədlərin, əsaslandırılmış dəlillərin olmaması, siyasi xadimə yaraşmayan emosionallıq məhz buradan doğur. Hazırda Avropada və ABŞ-da qondarma "1915-ci il erməni soyqırımı" haqqında əfsanəni inandırıcı dəlillərlə puça çıxaran çoxlu kitablar nəşr olunmuşdur. F.Fayqlın, C.Makkartninin, J.de Molevilin, S.Uimsin və başqalarının kitabları bu qəbildəndir. Yaxşı olardı ki, M.Qorbaçov öz məsuliyyətsiz mülahizələrini ictimaiyyətin mühakiməsinə verməzdən əvvəl bu kitablarla tanış olaydı.

M.Qorbaçov fevralın 26-da Azərbaycan və Ermənistan xalqlarına müraciət edərək, onları "şüurlu, məsuliyyətli və təmkinli" olmağa çağırdı. Həm də məmnunluqla bildirirdi ki, Yerevanda onun çağırışını eşidərək, fasiləsiz davam edən kütləvi mitinqi dayandırdılar: "Sakitləşmiş adamlar evlərinə dağılışdılar".

Ermənilərin "şüurluluğunu" vurğulamaqla M.Qorbaçov özünü elə göstərir ki, guya o, iki yüz mindən çox azərbaycanlının əsrlər boyu yaşadıqları dədə-baba torpaqlarından kütləvi surətdə zorakılıqla qovulmağa başlanmasından xəbərsiz olub. Özü də bu proses stalinsayağı köçürmə deyildi, məhz qətl və qarətlərlə müşayiət olunan zorla qovulma idi. Adamlar ev-eşiklərini, əmlakını atıb qarlı dağ aşırımlarından keçərək, canlarını qurtarmağa çalışırdılar.

O zaman heç kəsin ağlına gəlmirdi ki, bu, Ermənistanda etnik təmizləmə və qonşu respublikanın ərazisinin bir hissəsini qoparmaq üçün yaxşıca düşünülmüş və ardıcıllıqla gerçəkləşdirilən məkrli planın yalnız başlanğıcıdır. Həmin plan Yerevanın Teatr meydanındakı əsəbi hayqırtı sədaları altında, Rusiya və xarici kütləvi informasiya vasitələrinin xaricdəki erməni diasporunun və Moskvadakı yaxşı hazırlıqlı erməni lobbisinin maliyyə və təbliğat dəstəyi ilə qızışdırdığı antiazərbaycan kampaniyasının köməyi ilə həyata keçirilirdi. Əslinə qalsa, 1 nömrəli lobbiçi elə M.Qorbaçovun özü idi. Sov. İKP MK Siyasi Bürosunun 1988-ci il 29 fevral tarixli iclasında M.Qorbaçovun çıxışından bəzi məqamlar: "...Qarabağda azərbaycanlılarla ermənilər arasında toqquşma baş vermiş, iki nəfər azərbaycanlı həlak olmuşdur. Yerevanda vərəqələr yayılmışdır: "Ermənilər, mitinqləri qurtarın, silaha sarılın və türkləri əzin. Sovet Ordusunun qərargahına uzaq məsafədən atəş açılmışdır. Lakin mən deməliyəm ki, hətta Yerevan küçələrinə yarım milyondan artıq adamın çıxdığı vaxtlarda da ermənilər arasında intizam yüksək olmuşdur". Qorbaçovun bütün çıxışlarında Qarabağ mövzusu, onun Ermənistana birləşdirilməsinin mümkünlüyü səslənirdi. Deyirdi ki, bu məsələ Stalinin dövründə düzgün həll edilməyib, onu indi, demokratizm və yenidənqurma çərçivəsində həll etmək lazımdır.

Qarabağ problemini ermənipərəst mövqedən "çözməyə" meyl edən M.Qorbaçov Siyasi Büroda “ürək ağrısı” ilə məlumat verirdi: "Sən demə, Stepanakert şəhər partiya komitəsinin katibi 14 il ərzində bircə dəfə də Ermənistanda olmayıb - halbuki Dağlıq Qarabağ erməni muxtariyyətidir(Azərbaycanın tərkibində.- Müəllif)... Hətta Ermənistana gedən yollar da bərbad haldadır. Mədəni əlaqələr pozulmuşdur. Bu, şuürlu surətdə edilmişdir. Dağlıq Qarabağda Türkiyə televiziyasının verilişləri qəbul edilir, Yerevan televiziyasınınkı yox. Bütün bunlar isə insanların hisslərinə toxunur. Sərhədin keçdiyi Naxçıvanda sərhədçilərin öz sərhəd zolağı var, burada zastavalar və s. yerləşir. Sərhəd zonasının bütün enini isə yerli orqanlar, konkret halda, respublika orqanları müəyyənləşdirir. Bəs onlar necə qərar qəbul ediblər? Naxçıvan bütövlükdə sərhəd zonasına aid edilmiş, oraya sərbəst giriş qadağan olunmuşdur. Bu bəhanə ilə heç kəsi oraya buraxmırlar ki, sərhəd zonasıdır və oranın yolu, deyilənə görə, 70 ildir təmir olunmur... Dünən Vazgenlə söhbət etdim. O dedi ki, real problemlər var, hadisələr boş yerdən yaranmayıb. Öz təcrübəsindən bir əhvalatı misal çəkdi. Bildirdi ki, vaxtilə Bakıda H.Əliyevin qəbulunda olub. Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 minə yaxın erməni yaşayır. Vazgen xahiş edibmiş ki, ona kilsədə ibadət mərasimi təşkil etməyə icazə versinlər, düz 12 ildir dəvət gözləyir, ancaq bir səs-səmir yoxdur. Deməli o, arzuolunmaz şəxs sayılır. Onun Bakıya gəlməsini istəmirlər. Belə şeylər isə insanların hisslərinə təsir edir, onları qızışdırır".

Bütün bunlar gülünc səslənir. Məsələn, götürək onun yollar barədəki eyhamını. Əvvəla, Qarabağla Ermənistan arasında Azərbaycanın Laçın rayonu yerləşir və yollardan istifadə etmək üçün onları abad saxlamaq, ilk növbədə, azərbaycanlıların özlərinə lazım idi. Naxçıvanla Ermənistan arasında avtomobil və dəmir yol nəqliyyatına gəldikdə isə, Qarabağ hadisələri başlananadək həmin yollar maneəsiz işləyirdi, həm Naxçıvanın, həm də Ermənistanın minlərcə sıravi sakini hər gün bu yollardan istifadə edirdi.

Başqa bir fakt. Naxçıvan Azərbaycanla deyil, Türkiyə və İranla həmsərhəddir. Bu sərhəd zonası SSRİ DTK-nın ciddi nəzarəti altında idi, nəzarət məntəqələrini isə yerli və ya respublika orqanları deyil, məhz ittifaq orqanları idarə edirdilər.

Daha bir məqam. Məgər Baş katibə bəlli deyildimi ki, Sovet İttifaqında kilsə dövlətdən ayrı idi və öz problemlərini müstəqil həll edirdi? Buna görə də Vazgeni Bakıya dəvət etmək, yaxud onun şəhərə gəlməsinə qadağa qoymaq yalnız dini rəhbərlərin səlahiyyətinə aid idi. Bu və bir sıra digər xırda və gülünc məqamlar o qədər də mühüm deyildi ki, onların barəsində Sov. İKP MK Siyasi Bürosunda danışılsın. Belə məsələlər DQMV-nin Azərbaycanın tərkibindən çıxması üçün səbəb ola bilməzdi.

Qorbaçov daha sonra deyir: "On illər ərzində muxtar vilayətdə bir sıra problemlər yığılıb qalmışdı. Azərbaycan rəhbərliyi Qarabağ əhalisinə heç də lenincəsinə münasibət bəsləmirdi, bəzən isə onlarla hətta qeyri-insani rəftar edirdi". Ağ yalandır! Keçmiş prezident bunu bilir, ancaq tutuquşu kimi özgələrin dediklərini təkrarlayır. Hələ "Həyat və islahat" kitabının çapdan çıxmasından xeyli əvvəl Heydər Əliyev Sov. İKP MK-nın 1989-cu il aprel plenumundakı çıxışında bu məsələ ilə bağlı çox inandırıcı şərh vermişdir: "Mən Azərbaycandan 1982-ci ildə getmişəm, Dağlıq Qarabağ hadisələri isə 1988-ci ildə başlanmışdır. Mənim Azərbaycanda işlədiyim dövrdə Dağlıq Qarabağda vəziyyət normal, sabit idi. Millətlərarası münasibətlər zəminində heç bir mənfi hal yox idi. Dağlıq Qarabağda tez-tez olur, rəğbətlə qarşılanırdım və heç kim mənim qarşımda bu xarakterli heç bir məsələ qaldırmırdı. Azərbaycan KP MK-nın birinci katibi işlədiyim dövr ərzində Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması barədə bircə məktub da, bircə ərizə də daxil olmamışdır".

Hələ Stavropolda olarkən M.Qorbaçov ermənilərlə sıx ünsiyyətdə idi, Moskvada isə onların "mənəvi liderləri" Şahnazarovun və Sitaryanın güclü təsiri altına düşür və bunlar onu əl altdan Qarabağ məsələsinin qərəzli həllinə meylləndirirdilər.

Azərbaycanlılarla erməniləri dialoqa çağıran M.Qorbaçov erməni separatizminin ideoloqları S.Kaputikyanı və Z.Balayanı, habelə açıq-aşkar maraqlı şəxs olan öz köməkçisi G.Şahnazarovu, nədənsə, elə o vaxt Kremlə birtərəfli qaydada söhbətə dəvət etmişdi. "Azadlıq" radiosu ilə çıxışında A.Çernyayev demişdi: "Qorbaçov bir çox məsələlər - təkcə beynəlxalq, daxili problemlərlə deyil, hətta kadr məsələsi və s. kimi ən incə problemlərlə bağlı da ona müraciət edirdi. Ən mühüm məsələlərin həll edildiyi məhdud dairədə keçirilən bircə müşavirə belə Şahnazarovsuz ötüşməzdi". Buna görə də Qorbaçov yalnız erməniləri dəvət etmiş, azərbaycanlılar isə tamamilə yaddan çıxmışdılar. Yəni doğrudanmı, partiyanın mərkəzi aparatında millətlərarası münasibətlər üzrə bircə nəfər də olsun bitərəf əməkdaş - mütəxəssis yox idi? Rəsmi vəzifəsindən savayı, Şahnazarov Raisa Maksimovnanın yaxın ailəvi dostu idi. R.Qorbaçovanın 1991-ci ildə çapdan çıxmış "Ümidvaram" kitabını vərəqləyək. Müəllif 237-ci səhifədə G.Şahnazarovun 8 Mart münasibətilə ona göndərdiyi təbrikin mətnini böyük bir fərəhlə sitat gətirir: "Əziz Raisa Maksimovna! Əgər nikahlar, həqiqətən, göylərdə kəsilsəydi, Mixail Sergeyeviçin həyatdakı missiyasını nəzərə alaraq, Allah ona məhz bu cür ömür-gün yoldaşı bəxş etməyə çalışardı... Səmimi arzularla, Sizin Şahnazarov". Görünür, Şahnazarovun həmin görüşdə iştirakı lehinə yeganə əsas bu olmuşdu ki, Qorbaçovun özünün yazdığı kimi, "o, əslən Dağlıq Qarabağdandır. Onun, yəni knyaz Şahnazarovların nəsli məşhur nəsildir". Maraqlıdır ki, bu sözləri fəhlə-kəndli dövlətinin rəhbəri olmuş kəndli balası, keçmiş traktorçu yazır.

Yuxarıda xatırlanan görüşü M.Qorbaçov belə təsvir edir: "Mən onların məsələnin tarixini ətraflı izah etmələrinə imkan verdım. Kaputikyan və Balayan səylə toplanmış sənədləri, coğrafi xəritələri və tarixi arayışları mənə göstərdilər. Sonra isə ermənilərin necə sıxışdırılmasından, Ermənistandan təcrid edilmələrindən, qədim abidələrin dağıdılmasından söhbət açdılar". Qorbaçov isə canıyananlıqla bütün bunlara qulaq asır. "İslamın xristianlıq üzərinə hücumu davam edir! Qonaqlarımdan biri bütün bunları belə səciyyələndirdi"(?!). Bu sözlərə diqqət yetirin: islam və xristianlıq! Elə kitabın müəllifi də, hər şeydən əvvəl, bu tora "ilişmişdi". Bu yerdə M.Qorbaçov Heydər Əliyevi qınamağı mümkün sayır: guya "Əliyev beynəlmiləlçi xətt yeritsəydi, fəlakətin qarşısını almaq olardı". Riyakarlığa bir bax! Doğrudanmı, partiyanın Baş katibi tarixi arayış alıb öyrənə bilməzdimi ki, Rusiya ilə İran arasında Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri bağlandıqdan sonra çar hökuməti A.Qriboyedovun rəhbərliyi ilə Türkiyə və İrandan on minlərlə erməni ailəsini kütləvi surətdə Şimali Azərbaycan ərazisinə, xüsusən münbit Qarabağ torpaqlarına köçürməyə başlamışdı. Sovet dövründə isə DQMV-də adambaşına mənzil tikintisi, xəstəxana çarpayılarının, məktəblərdə şagird yerlərinin, kinoteatr və klubların sayı nəzərə alınmaqla, sosial-məişət baxımından əhalinin yaşayış səviyyəsi "çiçəklənən" Ermənistandakından xeyli yüksək idi. Hələ onu demirik ki, rəhbər kadrların və seçkili partiya vəzifələrində çalışanların 99%-i ermənilər idi. Belə göstəricilər heç yerdə, o cümlədən Azərbaycanın özündə də mövcud deyildi. Qorbaçovla həmin görüşdən xeyli əvvəl Stepanakertə Bərdə və Ağdamdan keçən dəmir yolu çəkilmişdi. Pedaqoji institut açılmışdı. Milli teatr fəaliyyət göstərirdi. Xocalı aeroportundan Bakıya və Yerevana təyyarələr uçmağa başlamışdı. Erməni quldur dəstələri "minnətdarlıq" əlaməti olaraq, 1992-ci ilin fevralında bu şəhəri odlara qalayacaq, onun azərbaycanlı əhalisini qanına qəltan edəcəklər.

Ayrı-ayrı sənədlərin məzmununu, M.Qorbaçovun görüş və söhbətlərini, onun dediklərini təhlil edərkən belə nəticəyə gəlmək olar ki, ona lap əvvəldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı birtərəfli və qərəzli məlumat verilmiş, bu məsələ ilə bağlı onun özünün müstəqil informasiyası (və hər şeydən göründüyü kimi, belə informasiya almağa elə bir arzusu da) olmamışdır.

Çıxarılan nəticələrin və qərarların birtərəfliliyi də elə buradan irəli gəlir. Hər şey G.Şahnazarov, S.Kaputikyan, Z.Balayan və bu dəstədən olan digərlərinin sərsəm uydurmalarına "etimad" üzərində qurulmuşdu. Bir məsələ də maraqlıdır: bu adamlar - şair və jurnalist, ümumiyyətlə, Baş katiblə görüşməyə necə nail olmuşdular? Axı, hətta Siyasi Büronun DQMV məsələsinə dair ədalətsiz qərarından qəzəblənib meydanda mitinq keçirənlərin ehtirasları coşanda belə, o, Azərbaycan KP MK-nın birinci katibi K.Bağırovla görüşməkdən boyun qaçırmışdı!

Qətiyyən təəccüblü deyil ki, Yerevana qayıtdıqdan sonra Z.Balayan və S.Kaputikyan car çəkmişdilər ki, M.Qorbaçov Qarabağ məsələsində ermənilərin tərəfindədir. SSRİ DTK sədrinin sabiq birinci müavini F.Bobkov özünün 1995-ci ildə çapdan çıxmış "DTK və hakimiyyət" kitabında həmin görüşlə bağlı belə yazır: "Hakimiyyət dairələrinin bu hərəkətləri azərbaycanlılarda nəinki anlaşılmazlıq doğurdu, həm də belə bir təəssürat yaratdı ki, onlara xəyanət ediblər. Əgər o, ermənilərlə birlikdə Azərbaycanın təmsilçilərini də qəbul etsəydi, onda həmin adamlar Dağlıq Qarabağın qondarma xəritələrini və digər saxta sənədləri dərhal Qorbaçova "sırımazdılar". Ölkənin təhlükəsizlik orqanlarında mühüm sima olmuş bu şəxs özü də çaşqınlıqla deyir: "Bu görüş nəyə lazım idi - söyləmək, çətindir". Haqlıdır: o zaman bunu söyləmək, özü də SSRİ dövlət təhlükəsizliyi orqanlarının yüksək rütbəli məmuru üçün, doğrudan da, asan deyildi.

Xatırladım ki, o illərdə KİV-də açıq-aşkar eyhamlar vurulurdu ki, ölkənin "birinci xanımı" Parisdə əntiq əşyalar satan imkanlı ermənilərlə görüşmüş və hər şeydən hiss olunduğu kimi, onların diqqətindən məmnun qalmışdır. Elə onlar da "birinci xanım"ın xoş münasibətindən razı idilər. Lakin vaxt ötürdü, Parisdə artıq narahat olurdular ki, görüşdə vəd edilən məsələlərlə bağlı elə bir nəticə hasil olmayıb. Bir müddətdən sonra erməni əsilli məşhur fransız antikvarı Moskvaya gəlir və "yuxarılarda" kiminləsə görüşməyə cəhd göstərir. Bunun ardınca isə gözlənilməz bir hadisə baş verir: məlum olur ki, bir gün həmin şəxs "Jiquli" markalı naməlum rəngli maşına əyləşib harasa gedir. Hay-küylü axtarışlar başlansa da, o gündən onu gördüm deyən olmur. Təxminən bir həftədən sonra Moskva milisi paytaxtın yaxınlığından keçən çayda naməlum kişi meyiti tapır. Həmin antikvarın Parisdən çağırılan bacısı qardaşını bədənindəki xalından tanıyır. Elə həmin vaxtlarda Yerevanda hansısa bəxşişləri geri qaytarmaq tələbi ilə mitinqlər keçirilməyə başlayır. Ermənistandan olan deputat İgityan isə SSRİ Ali Sovetinin televiziya ilə yayımlanan sessiyasındakı çıxışında açıq-açığına Qorbaçova müraciət edərək deyir: "Axı, siz söz vermişdiniz..." Qorbaçovun kimə, nə vaxt və nə söz verdiyi açıqlanmasa da, bu, hamıya aydın idi.

M.Qorbaçovun riyakarlığı, onun, mən deyərdim ki, üçlü standartlar siyasəti son nəticədə 1990-cı ilin qanlı 20 Yanvar hadisələrinə gətirib çıxardı. Bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Biz bu gün o barədə danışmağa borcluyuq. Biz Bakının mərkəzi meydanındakı mitinq ehtiraslarının bütün faciəviliyini və dramaturgiyasını yaxşı xatırlayırıq. Azərbaycanın siyasi nəbzi məhz burada vururdu. Lakin bir çox iri aksiyaların, nümayiş və toplantıların öz qanunauyğunluqları var: onlar müxtəlif templərdə keçir. Azərbaycan KP MK-nın 1990-cı il 13,15,16,17,18 yanvar tarixli büro iclaslarının materiallarını araşdırarkən görürük ki, hər dəfə eyni bir məsələ - respublikadakı və hər şeydən öncə, Bakıdakı vəziyyət müzakirə edilmişdir. Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova, M.Məmmədov, V.Hüseynov və başqaları çıxış etmişlər. Hamısı da şəhərdəki vəziyyətin son dərəcə gərgin oldugunu, nəzarətdən çıxdığını, bunun gözlənilməz nəticələr verə biləcəyini, MK-nın və digər mühüm obyektlərin ələ keçirilməsi ehtimalı olduğunu bildirmiş və güc tətbiq olunmasını təklif etmişlər. Bakıda olan Y.Primakov da, yüksək rütbəli Moskva hərbçiləri də bunda israr etmişlər. Etiraz edən, yaxud başqa təklif verən olmamışdır.

Yanvarın 16-17-də ehtiraslar xüsusilə coşmuşdu. Mitinqə çıxanlar Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun və respublikanın digər rəhbərlərinin istefa vermələrini tələb edirdilər. Mənə məlumdur ki, yanvarın 15-də axşamdan xeyli keçmiş MK-nın ikinci katibi V.Polyaniçkonun kabinetində qeyri-formal qurumların nümayəndələri ilə birlikdə Bakıdakı siyasi vəziyyət müzakirə olunmuşdu. Müzakirədə Y.Primakov və A.Girenko da iştirak etmiş və toplaşanlara bildirmişdilər ki, Vəzirovun tutduğu vəzifədən kənarlaşdırılması barədə mitinq iştirakçılarının ultimatumuna baxmayaraq, Moskva hələlik buna razı deyildir.

Elə həmin günün axşamı Ə.Vəzirovun imzası ilə Moskvaya göndərilən teleqramda təklif olunurdu: "Antisovet, antipartiya şüarları və çağırışları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır." Mərkəzdən isə, guya qanun qəbul olunanadək gözləməyi təklif etmişdilər. Ertəsi gün, yanvarın 16-da Ə.Vəzirov başqa bir teleqram göndərir. Teleqramda deyilirdi ki, müxalifətin əlində çoxlu sayda silahın olması Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq və buna görə də o, dərhal güc tətbiq olunmasını xahiş edir.

Paralel olaraq, Moskvaya Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllibovun teleqramı daxil olur ki, SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hərbi kontingentinin Bakıda qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi ilə bağlı əməliyyat keçirəcəkləri müddətdə respublikanın onları yerləşdirmək və ərzaqla təmin etmək imkanı vardır.

Bakıdakı siyasi böhranı aradan qaldırmaq üçün güc tətbiq edilməsində mərkəzi partiya, dövlət məmurlarından, təhlükəsizlik xidməti əməkdaşlarından məhz kimin maraqlı olduğunu dəqiqləşdirməyə çalışarkən mən yəqin etdim ki, müvafiq qərarın qəbul edilməsində yanvarın 17-də M.Qorbaçovun sədrliyi altında Siyasi Büronun və hökumətin bir sıra üzvlərinin (onların arasında Y.Liqaçov, V.Çebrikov, N.Rıjkov, N.Yazov və başqaları olmuşlar) iştirakı ilə Sov.İKP MK-da keçirilən müşavirə əsas rol oynamışdır. Sov. İKP MK Siyasi Bürosunun Qorbaçov dövrünə aid materiallarını öyrənərkən cəsarətlə söyləmək olar ki, SSRİ ərazisində yaranmış pozucu vəziyyətə və Bakıya qoşun yeridilməsi nəticəsində dinc əhalinin qırğına verilməsinə görə məsuliyyət Baş katibin üzərinə düşür.

Ölkədə ondan xəbərsiz heç vaxt və heç nə baş verə bilməzdi. O, hər şeydən dəqiq və vaxtlı-vaxtında xəbər tuturdu. Lakin Bakı hadisələri barədə həqiqəti sovet xalqına söyləməyə Qorbaçovun səmimiliyi və cəsarəti çatmadı. 12 il ötəndən sonra isə o, həmin faciəni Azərbaycan kinematoqrafçılarına az qala filosofyana bir sakitliklə belə izah edir: "Ümumiyyətlə, hamının başına gələ bilər və ola bilsin ki, hamı belə vəziyyətlərə düşür. Bakıya zəng vurduq, bizə dedilər ki, vəziyyətə nəzarət edilir. Vəziyyət isə elə idi ki, hansısa fövqəladə tədbirlər görmək məsələsi ortaya çıxdı. Yevgeni Primakovu və Andrey Girenkonu oraya göndərdim. Primakov dedi: Mixail Sergeyeviç, təcili tədbirlər görmək lazımdır. Mən daxili işlər naziri Bakatini çağırdım. Ona dedim ki, təcili olaraq müdafiə naziri ilə əlaqə saxlayıb, təklif vermək lazımdır. Cavab verdi ki, şifahi göstərişlə hərəkət edə bilmərik, prezident Fərmanı olmalıdır. Doğrudur. Bir qədər söhbət etdik. Dedim, Fərmanı hazırlayın. Fərman hazırlandı. Rəsmən. Mən bu addımı atmamışdan əvvəl çıxış etdim. Deməli, hər şey düşünülmüş şəkildə olmuşdur. Azərbaycanlılar məni lənətlədilər. Xülasə, özünüz bilirsiniz. Bir işə ki, girişdin, daha geri çəkilə bilməzsən. Və belə şeylər həmişə faciədir, xüsusən vicdanlı insanlar üçün. (Zənn edirəm ki, M.Qorbaçov özünü nəzərdə tutmurdu.- Müəllif). Elə adamlar var ki, buraxdıqları səhvlərin xalqa nəyə başa gəlməsi onların vecinə deyildir.

Kadrda Heydər Əliyevdir. O, həyəcanlıdır. Uzun illər onun yanında işləmiş mənim kimi adamların hamısı görür, başa düşür, bilir ki, onun qəzəbi aşıb-daşır. Lakin mən həyatda Azərbaycan Prezidenti kimi təmkinli və səbirli insanlara az rast gəlmişəm. O, sakit səslə deyir: "20-si axşam xəbər tutdum ki, onlar Bakıya qoşun yeridiblər. Həmin axşam isə Qorbaçov televiziya ilə çıxış etdi. Mən ona qulaq asdım, baxdım. Ayın 21-də Moskvaya gəldim, evə gedib ailə üzvlərimlə görüşdüm. Öyrəndim ki, Moskvada yaşayan azərbaycanlıların əksəriyyəti Bakıdakı matəmlə əlaqədar Daimi nümayəndəliyimizə yığışıbdır. Təbii ki, mən kənarda qala bilməzdim, mən azərbaycanlıyam, bura mənim yurdumdur, bu mənim xalqımdır. Qərara aldım ki, oraya, Daimi nümayəndəliyə gedim."

O, həyatını təhlükə qarşısında qoyaraq, oğlu ilə birlikdə oraya gedir, üstəlik də mətbuat konfransında çıxış edərək, Azərbaycanda qan axıdılmasına, günahsız insanların qətlə yetirilməsinə görə sovet rəhbərliyini və ilk növbədə M.Qorbaçovu kəskin ittiham edir. Heydər Əliyev əmin idi və buna da əsası vardı ki, məsələnin siyasi yolla nizama salınması, xalqla dialoq üçün real imkanlar olsa da, onlardan istifadə edilməmişdir. İndi, 12 il ötəndən sonra biz onun nə dərəcədə haqlı olduğunu görürük: bəli, bu imkanlardan istifadə edilməmişdi. Özü də bilərəkdən.

Heydər Əliyevin səsini bütün dünya eşitdi. Bu, həqiqətin səsi idi. Bundan dərhal sonra onu, bütün ailə üzvlərini təqib etməyə başladılar. Belə ki, İlham Əliyevi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllimlikdən azad etdilər. Özü də riyakarcasına bildirmişdilər ki, bura siyasi ali məktəbdir və Heydər Əliyev kimi bir şəxsin oğlu gələcək diplomatlara dərs deyə bilməz. İndi isə Qorbaçov özünü bilməməzliyə qoyaraq təəccüblənir: "Bunu birinci dəfədir eşidirəm."

Bizcə, Qarabağ münaqişəsi, Xocalı faciəsi, Bakı hadisələri anadangəlmə qırmızı xalı ilə yanaşı, Qorbaçovun alnına həkk olunmuş qara ləkədir. Qoy Qorbaçov, elə-beləcə də, alnındakı qırmızı və vicdanındakı qara ləkələrlə yaşasın.

Filmdə müəllif belə bir sual verir: siz istedadı və miyanəliyi necə dəyərləndirirsiniz? Bu suala mən də cavab vermək istəyirəm.

Bizim hər birimiz Qorbaçovu yüz dəfələrlə televiziyada görmüşük. Lakin o, Azərbaycan kinematoqrafçılarının suallarına cavab verərkən mənə elə gəldi ki, hər bir sualdan az qala diksinən, bu dərəcədə çaşmış, ürək bulandıracaq qədər yaltaq bir adamı heç kəs görməyib. O, Azərbaycan xalqı və Heydər Əliyev qarşısında hər hansı bir günahı olduğunu danmağa çalışırdı. Ancaq söylədikləri o qədər dolaşıq idi ki, belə bir adamın nə vaxtsa SSRİ prezidenti olduğuna inanmaq olmurdu.

MIXAIL QORBAÇOV: "Siz məndən həm bir siyasətçi, həm də bir insan kimi soruşursunuz. Nə deyə bilərəm? Birisinin bəxti gətirirdi, düşdüyü şərait uğurlu olurdu və öz potensialını aça bilirdi, başqa birisi isə öz potensialını insanların xeyri naminə sərf etməyə imkan tapmırdı. Çünki yaşadığımız ölkə belə idi. Belə ölkədə öz qabiliyyətlərini üzə çıxarmaq o qədər də asan deyildi."

HEYDƏR ƏLIYEV: "O, rəhbərliyə gələndən sonra iki ildən artıq mən onunla birgə işlədim. Ancaq başa düşə bilmədim ki, o, nə etmək istəyirdi. Sonralar da, Sovetlər İttifaqı dağılanadək onun fəaliyyətini izləyirdim. Nə etmək istədiyini yenə də başa düşə bilmədim. Ancaq, hər halda, etdiklərinin nəticələri göz qabağındadır."

Yeri gəlmişkən, M.Qorbaçovun "islahatçılıq" fəaliyyətini bir çox iqtisadçılar, yazıçılar və alimlər, özü də nə qədər paradoksal görünsə də, hər şeydən əvvəl, Rusiyanın özündə başa düşməmişdilər. İqtisadi və sosial inkişafı "sürətləndirmək" xətti bəyan edən M.Qorbaçov, eyni zamanda, çox güclü ləngitmə sistemini işə salmışdı ki, bunun da nəticəsində həmin xəttin həyata keçirilməsi son dərəcə çətin problemlərlə üzləşirdi. Tanınmış yazıçı Y.Bondarev "yenidənqurma"nı "mənzil başında enmə meydançasının olub-olmadığını bilmədən havaya qalxmış" təyyarə ilə müqayisə etmişdir. Baş katibin sonadək düşünülməmiş planları qabaqcadan uğursuzluğa məhkum idi və xalq bunları planları dəstəkləmirdi. Artıq xatırlatdığımız alkoqolizm əleyhinə kampaniya deyilənlərə əyani misal ola bilər. Qorbaçov öz xatirələrində bu barədə yazır: "1985-ci ilin mayında qəbul edilmiş alkoqolizm əleyhinə proqram hələ indiyədək də şübhə və fərziyyələr mövzusu olaraq qalır. Biz nə üçün islahatların keçirilməsi imkanını çətinləşdirərək, məhz həmin tədbirdən başlamağı qərara aldıq?" Baş katib bunu belə izah edir ki, "xalqın bəlası" olan sərxoşluqla barışmaq artıq qeyri-mümkün idi. Lakin eyni zamanda o, öz şəxsi məsuliyyət yükünü azaltmağa cəhd göstərərək iddia edir ki, sərxoşluğun və alkoqolizmin qarşısının alınması ilə bağlı tədbirlər görmək təşəbbüsü "ictimaiyyətə məxsus olmuşdur".

İ.Froyanov yazır: "Fikrimizcə, məhz elə buna görə də "yenidənqurma"ya böhrandan çıxmaq cəhdi kimi baxmaq, üstəlik də, böhran kimi qələmə vermək lazım deyildir. "Yenidənqurma" böhran vəziyyətini son həddədək kəskinləşdirməli, onu xaos və labüd süqut həddinə çatdırmalı idi ki, "kazarma sosializmi"nin xarabalıqları üzərində "azad kapitalizm" binası ucaldılsın. "Yenidənqurma"nın Qorbaçov dövrünü qısaca səciyyələndirsək, demək lazımdır ki, bu, sovet cəmiyyətinin kapitalistləşdirilməsi üçün ilkin iqtisadi, sosial və siyasi zəminin formalaşması ilə birləşmiş idarə olunan tənəzzül dövrü idi. Amma necə deyərlər, dəvənin iynə deşiyindən keçməsi baş iş icraçısının "təmiz adla tarixə düşməsi"ndən daha asandır, çünki onun yaxasını kənara çəkməyə çalışdığı fəlakətlərin hamısı öz əməlləridir." İttifaqın tədricən çökməsi o zaman başladı ki, Mərkəz Qarabağ "xəbərdarlıq zəngini" eşitmək istəmədi, yaxud da, ola bilsin ki, eşidə bilmədi. Əlavə edək ki, Qarabağ sonradan bütün ölkəni mənfur bir bəla kimi bürüyən separatizmin poliqonuna çevrildi. Təsadüfi deyildir ki, A.Zinovyev "Hərc-mərclik" ("Smuta") kitabında bu cür "yenidənqurma"nı ("perestroyka") "yenidənyıxma" ("katastroyka") adlandırır və bununla da onun ölkə üçün fəlakətli və deməli, dağıdıcı xarakterini vurğulayır.

Xatırlayaq ki, hələ "yenidənqurma" başlamazdan əvvəl baməzə adamlar belə bir lətifə qoşmuşdular: "Yenidənqurmadan sonra heç bilirsiniz nə olacaq? Yenidənqırma!" Sonralar bu ifadə həqiqətə çevrildi.

Nəhayət, filmdə eşitdiklərim, kitablardan, sənədlərdən oxuduqlarım və şəxsən içərisində olduğum hadisələrdən aldığım yekun təəssüratlarım.

Zənnimcə, M.Qorbaçov millətçilikdən çox, antisovetizmdən (öz təbirincə) qorxur, onu boğmaq istəyirdi və boğa bilərdi. O, belə də etdi, ancaq bu, əks nəticə verdi, özü də təkcə Azərbaycanda yox.

Onun Heydər Əliyevlə şəxsi qarşılıqlı münasibətlərinə gəlincə isə, risk edib, bəlkə də, ilkin olaraq, belə bir nəticə çıxarmaq istərdim.

Heydər Əliyev və Mixail Qorbaçov yalnız siyasi mübarizə meydanında qarşılaşmış, milli və dini baxımdan bir-birinə zidd olan şəxslər deyildirlər. Onlar peşəkarlıq xarakterinə görə də tamamilə bir-birinə əks insanlardır. Qorbaçovun "gücü" onun lider məziyyətlərindən məhrum olmasındadır - məhz buna görə ki, vaxtilə qüdrətli bir dövlətin süqutu ideyasını layihələşdirənlər və həyata keçirənlər onu belə yüksək kürsüyə oturtmuşdular. Heydər Əliyevin gücü isə bundadır ki, o, fitrədən liderdir və Qorbaçov bunu hiss etməyə bilməzdi. Bu gün Qorbaçovla birlikdə və onun ətrafında olmuş bədnam simaları xatırlayanda görürük ki, Mixail Sergeyeviç özü də başa düşürmüş: onun müqabilində Heydər Əliyev şəxsiyyəti həddən artıq parlaq, sanballı və görkəmli idi.

M.Qorbaçov və onun ətrafındakılar Heydər Əliyevin fəal siyasətə qayıtmasına imkan verməmək üçün hər cür yolverilən və yolverilməz üsullara əl atsalar da, buna nail ola bilmədilər. 1990-cı ilin payızında Heydər Əliyev Azərbaycanın xalq deputatı seçildi və Azərbaycan SSR Ali Sovetinin sessiyasında SSRİ-nin saxlanılması məsələsinə dair referendum keçirilməsinin əleyhinə çıxış etdi. Öz mövqeyini belə izah etdi ki, obyektiv proseslər SSRİ-nin süqutuna, müttəfiq respublikaların müstəqillik qazanmasına doğru aparır. Mütəllibovpərəst deputatlar Heydər Əliyevin çıxışını mənfi qarşıladılar. Mütəllibovun üç yüzdən artıq tərəfdarı referendumun keçirilməsi lehinə səs verdi. Yalnız Naxçıvan Muxtar Respublikası referendumda iştirak etmədi: Heydər Əliyev Muxtar Respublika Ali Sovetinin referendum keçirməmək barədə qərar qəbul etməsinə nail oldu. Muxtar Respublikanın ərazisində bütün referendum məntəqələri ləğv edildi. 1991-ci ilin avqustunda siyasi böhran başlananda Heydər Əliyev dərhal və çox kəskin şəkildə QKÇP-ni pisləmişdi. 1993-cü ildən isə, artıq deyildiyi kimi, onun hakimiyyətə qayıdışı ilə ən yeni tariximiz - müstəqil Azərbaycanın tarixi başlanmışdır.

Doğru deyirlər ki, hər şeyə həqiqi və ədalətli qiyməti tarix özü verir: Mixail Qorbaçov və Heydər Əliyev, əlbəttə ki, tarixdə qalacaqlar, ancaq kim necə qalacaq? Həmin qiyməti film, biz - bu insanların və bu hadisələrin müasirləri veririk. Demək lazımdır ki, nə M.Qorbaçov hakimiyyəti, nə Ə.Vəzirov, nə də A.Mütəllibov hakimiyyətləri Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi. Klassiklərdən hansısa demişdir: "Böyük uzaqdan görünər." Buna görə də mən əminəm ki, bu böyük siyasətçiyə başlıca qiyməti gələcək nəsillər verəcək, özü də onlar bunu hökmən edəcəklər.

“Moskovskaya pravda” qəzeti

17-19 sentyabr 2002-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib   YENİLƏNİB

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNƏCƏK

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub