İDMAN
Birinci Avropa Oyunlarında iştirak edən əcnəbi atletlər Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüblər
![Birinci Avropa Oyunlarında iştirak edən əcnəbi atletlər Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüblər](/files/2015/2/1200x630/1434466556148677288_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
İlk Avropa Oyunlarında iştirak edən əcnəbi atletlər ölkəmizlə bağlı təəssüratlarını və “Bakı-2015”-in onların karyeralarına mühüm təsirindən danışıblar.
AZƏRTAC xəbər verir ki, fransalı voleybolçu Baptiste Geiler “Bakı-2015”-in Olimpiya Oyunları səviyyəsində mühüm idman hadisəsi olduğunu vurğulayaraq deyib: “Bu Oyunlar hər bir idmançı, eləcə də mənim üçün böyük təcrübədir. Bizim burada əldə etdiyimiz uğurlar “Rio-2016”-ya gedən yolumuzu müəyyənləşdirir”.
İtaliyanın atıcılıq üzrə Olimpiya çempionu Nikkolo Kampriani Azərbaycanın gözəl ölkə olduğunu diqqətə çatdıraraq deyib: “Belə gözəl ölkədə idman yarışları da yüksək səviyyədə təşkil edilib. İstər iqlim, itərsə də yaradılan infrastruktur, şərait əladır. Ümid edirəm ki, italiyalı atletlər ölkəmizə daha çox medal gətirəcəklər”.
Avstriyanın atıcılıq üzrə milli komandasının məşqçisi Albena Mladenova Bakıda hər şeyin xoş təəssürat yaratdığını vurğulayaraq deyib: “Komandamız uğurla çıxış edir və artıq medallarımız da var. Əlbəttə, mübarizəmizi daha çox medal qazanmaq üçün davam etdiririk. Biz bu Oyunlarda iştirak etməklə, təcrübə baxımından da çox şey əldə etdik. Bakıda bu mühüm idman yarışında iştirak etmək çox xoşdur”.
Alman güləşçisi Frank Staebler ilk Avropa Oyunlarında iştirak etməyin təsviredilməz bir hiss olduğunu deyib: “Mən bu Oyunlarda medal qazanan ilk alman atletlərindənəm. Bu, çox gözəl, unudulmaz hissdir. İlk Avropa Oyunları doğrudan da mötəbər idman tədbiridir və bu tarixi yarışın tərkib hissəsi olmaqdan çox məmnunam”.