İDMAN
Birinci Avropa Oyunlarında kişilər arasında voleybol yarışlarında qrup mərhələsinə yekun vurulub
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 22-də birinci Avropa Oyunlarında kişilər arasında voleybol yarışlarında qrup mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "Baku Crystal Hall"da keçirilən yarışda günün ilk qarşılaşması "A" qrupu çərçivəsində Polşa və Finlandiya komandaları arasında keçirilib. Polşalı voleybolçular rəqib üzərində 3:0 hesabı ilə qələbə qazanaraq 12 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəliblər. Bu qrupun digər oyunlarında Fransa millisi Serbiyaya, Türkiyə millisi isə Azərbaycan komandasına 3:2 hesabı ilə qalib gəlib.
"B" qrupunun ilk görüşündə Belçika və Almaniya kollektivləri üz-üzə gəlib. Rəqibi 3:0 hesabı ilə məğlub edən Almaniya 12 xalla turnir cədvəlindəki liderliyini qoruyub. Bolqarıstan yığması Slovakiya komandasına 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlindəki üçüncü pilləni özünə təmin edib. İtaliya komandasına eyni hesabla qalib gələn Rusiya kollektivi isə 12 xalla ikinci pilləyə yüksəlib.
Beləliklə, birinci Avropa Oyunlarında kişilər arasında voleybol yarışlarında beş turdan sonra "A" qrupunda 12 xalla Polşa millisi birinci olub. Fransa millisi 12 xalla ikinci (set fərqi), Türkiyə yığması 9 xalla üçüncü, Serbiya (8 xal) dördüncü, Finlandiya (2 xal) beşinci, Azərbaycan kollektivi isə (2 xal) sonuncu pillədə qərarlaşıb. Bu qrupdan Polşa, Fransa, Türkiyə və Serbiya milliləri dörddəbir finala vəsiqə qazanıblar.
"B" qrupunun lideri isə 12 xalla Almaniya millisi olub. Rusiya (12 xal) ikinci, Bolqarıstan (11 xal) üçüncü, Slovakiya (6 xal) dördüncü, Belçika (3 xal) beşinci, İtaliya millisi (1 xal) isə qrupda altıncı pillədə qərarlaşıb. Bu qrupdan isə Almaniya, Rusiya, Bolqarıstan və Slovakiya komandaları dörddəbir finala vəsiqə qazanıblar.