İDMAN
Birinci Avropa Oyunlarından əvvəl velosipedçilərimizin sonuncu sınağı
Bakı, 11 iyun, Səxavət Quliyev, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının şose velosipedi yarışlarında mübarizə aparacaq üç velosipedçimiz - Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov bu məsul yarışdan əvvəl son turnirdə iştirak edib. İdmançılarımız “Synergy Baku”nun heyətində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Slovakia” yarışında mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, yarışın 181 kilometrlik ilk mərhələsi komandamız üçün uğurlu nəticə ilə yadda qalıb. Maksim Averin finişi mərhələ qalibi ilə eyni vaxtda - 3 saat 57 dəqiqə 52 saniyəyə keçib. O, fotofinişə əsasən ikinci yeri tutub. Bu nəticə M.Averinə “Rio-2016” Yay Olimpiya Oyunlarına 5 lisenziya xalı qazandırıb. Bununla da velosipedçimiz reytinq xallarının sayını 131-ə çatdırıb.
Slovakiya turunda “Synergy Baku”nun heyətində çıxış edən digər üç velosipedçidən ikisi Matey Müqerli və Yannis Tamuridis də müvafiq olaraq Sloveniya və Yunanıstan milli komandalarının heyətində Avropa Oyunlarında yarışacaqlar. Onların birinci mərhələdəki nəticələrinə gəlincə, M.Müqerli 4-cü, Y.Tamuridis isə 11-ci olub.
İlk mərhələdə uğurlu çıxış “Synergy Baku”nun komanda hesabında 23 kollektiv arasında birinci yerə yüksəlməsi ilə nəticələnib.