İDMAN
Birinci Avropa Oyunlarının avarçəkmə yarışları başa çatıb
Azərbaycan idmançısı gümüş medal qazanıb
Mingəçevir, 16 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində kayak və kanoe qayıqları ilə avarçəkmə yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, iyunun 16-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yarışların final mərhələsi keçirilib. Azərbaycan komandasının 3 üzvü medal uğrunda mübarizə aparıb. Bir nəfərlik kayak qayığı ilə qadınların mübarizəsində Olimpiya çempionu İnna Osipenko-Rodomska 200 metr, 500 metr və 5000 metr məsafələri qətetmə yarışında çıxış edib. O, 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Sonra isə 200 metr məsafəyə kayak yarışlarının finalında çıxış edən İnna Osipenko-Rodomska 42,091 saniyə nəticə ilə yarışı altıncı pillədə başa vurub. Kayak qayıqlarında 5000 metr məsafəyə yürüşdə isə ölkəmizi Osipenko-Radomska və Mirnazim Cavadov təmsil ediblər. Lakin, onların hər ikisi yarışı yarımçıq başa vuraraq, finiş xəttinə çata bilməyiblər.
Kanoe üzrə dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko da yarışların final mərhələsində mükafat uğrunda mübarizə aparıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə ikinci yeri tutub. V.Demyanenko yarışın qalibi olan litvalı Henrikas Justautasdan 0,078 saniyə geri qalaraq gümüş medalla kifayətlənməli olub. Çexiyalı Marton Foksa isə 40,188 saniyə nəticə ilə üçüncü yeri tutub. Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini yeddinci keçib.
İdmançılara medalları gənclər və idman naziri Azad Rəhimov, Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov təqdim ediblər.
Xatırladaq ki, 3 gün ərzində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında qitənin ən güclü idmançıları, 37 ölkədən 300 nəfər kişi və qadın atlet iştirak edib. Yarışlarda mübarizə aparan Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya Oyunlarının mükafatçıları olub ki, onlardan 20-si qızıl medal sahibidir. Bu mötəbər yarışda Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunub. Kayak və kanoe yarışlarında Sergey Bezuqlıy, Valentin Demyanenko, Mirnazim Cavadov, Aleksey Kupin, Taras Matviyçuk, Tamerlan Mustafayev, İnna Osipenko-Radomskaya mükafatlar uğrunda mübarizə aparıblar. Kür çayında yarış zamanı 9 atlet qüvvəsini sınaya bilib. Avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə keçirilib.