BİZ YENİDƏN ÖZBAŞINALIĞIN TÜĞYAN ETDİYİCƏBHƏÇİ-MÜSAVAT CÜTLÜYÜNÜN İQTİDARIDÖVRÜNƏ QAYITMAQ İSTƏMİRİK
KAMPANİYASINA QƏTİ ETİRAZLARINI BİLDİRƏN
YARDIMLI RAYON SƏHİYYƏ İŞÇİLƏRİNİN
BƏYANATINDA VURĞULANIR
Son günlər möhtərəm Prezidentimiz Heydər Əliyevin səhhəti ilə əlaqədar müxalifət mətbuatı öz səhifələrində heç bir əndazəyə sığmayan, milli və mənəvi dəyərlərimizdən uzaq, başdan ayağa şər və böhtanla dolu cızmaqaralar çap etməklə, mənəviyyatsızlıq, əxlaqsızlıq bataqlığına yuvarlanmışdır. Əslində, onlardan bundan başqa bir şey gözləmək də əbəsdir. Çünki xaricdən maliyyələşən, Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qənim kəsilən ölkədə min bir əziyyətlə yaradılmış sabitliyi pozmağa çalışan bu siyasət dəllallarından bəd əməllərdən başqa nə gözləmək olar. Ancaq onlar unudurlar ki, bu gün artıq müxalifətin çürük yaddaşında dolaşan, at oynatdıqları 1992-ci il çoxdan tarixə çevrilib. Bu gün yenilməz, güclü, müstəqil Azərbaycan dövləti və onun parlaq dühaya malik Prezidenti vardır. Müxalifətçilər unutmamalıdırlar ki,1993-cü ilin iyun günlərində qiyamçı polkovnik S.Hüseynovun qurduğu dar ağacından bu gün ünvanına heç bir etik normaya sığmayan hədyanlar yazanları və yazdıranları məhz cənab Heydər Əliyev xilas etmişdir. İndi demokratiyanın olmadığını iddia edən cəbhəçi bəylər, məhz demokratiyanın yaratdığı şəraitdən gen-bol bəhrələnərək 30-dan yuxarı müxalif mövqeli mətbuat orqanı buraxırlar. Belə üzdəniraq mətbuatın önündə gedən “Yeni Müsavat”, “Azadlıq”,”Hürriyyət” kimi qəzetlər və bu qəzetlərin təsisçiləri olan İsa Qəmbərlər, Əli Kərimlilər, Rəsul Quliyevlər dəridən-qabıqdan çıxaraq, ölkəmizin Prezidenti haqqında məkrli şər-böhtan kampaniyasına başlamışlar.
Ölkəmizin bütün səhiyyə işçiləri kimi, biz, Yardımlı rayonunun səhiyyə işçiləri də həqiqətdən uzaq, məkrli, qərəzli niyyətlərə söykənən belə hərəkətləri qətiyyətlə rədd edir və pisləyirik. Qoy müxalifət unutmasın ki, xalq kimin kim olduğunu yaxşı başa düşür, biz yenidən əzab-əziyyətli, özbaşınalığın tüğyan etdiyi cəbhəçi-müsavat cütlüyünün iqtidarı dövrünə qayıtmaq istəmirik. O günlərin ağrı-acısını bir daha yaşamaq istəmirik. Azərbaycan xalqı müdrik xalqdır. Dünyada tayı-bərabəri olmayan, zəkasının nuru ilə Azərbaycanı işıqlı gələcəyə aparan möhtərəm Prezidentimizlə canından artıq sevdiyi xalqın birliyini heç bir qüvvə poza bilməz. Müxalifət partiyalarının liderlərinə isə üzümüzü tutub deyirik: Əbəs yerə özünüzü yormayın. Sizin cəfəng, sərsəm iddialarınıza özünüzdən başqa heç kim inanmır, belə ədəbsiz hərəkətlərinizdən əl çəkin. Əgər əl çəkməsəniz, sizinlə haqq-hesab çəkməyi xalq bacarar!
Bəyanat rayon səhiyyə işçilərinin
29 iyul 2003-cü il tarixli yığıncağında
qəbul olunmuşdur.