SİYASƏT
BMT DÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ MÜNASİBƏTİLƏ MƏKTUB YAYMIŞDIR
Dünya Mətbuat Azadlığı günü münasibətilə BMT-nin baş katibi Kofi Annanın, YUNESKO-nun baş direktoru Koiçiro Matsuuranın və BMT-nin insan hüquqları üzrə ali komissarı Meri Robinsonun imzaları ilə mayın 2-də yayılmış birgə məktub öz peşə borclarını yerinə yetirən və bu zaman ciddi təhlükə ilə üzləşən və bəzən hətta həyatlarını itirən jurnalistlərin problemlərinə həsr edilmişdir.
Məktubda deyilir ki, Dünya Mətbuat Azadlığı gününün builki mövzusu “terrorizm və kütləvi informasiya vasitələrinin azadlığı”dır. Son iki il ərzində hər il amansız münaqişələri işıqlandıran 50 nəfərdən artıq jurnalist həlak olmuşdur. Mətbuat nümayəndələrinin həlak olmasının başlıca səbəbləri öz cinayətkar və yaxud terrorçuluq fəaliyyətlərinin KİV-lərdə işıqlandırılmasına imkan vermək istəməyənlər tərəfindən jurnalistlərin bilərəkdən məhv edilməsi ilə bağlıdır.
Məktub müəllifləri tanınmış jurnalistlərin qətlə yetirilməsi faktlarını şərh edərək vurğulayırlar ki, terrorizm kütləvi informasiya vasitələrinin azadlığı və müstəqilliyi üçün həm birbaşa, həm də dolayı təhlükə yarada bilər. Bir çox hallarda terrorizm müxbirlərə və naşirlərə qarşı zorakı basqınlar edilməsi, o cümlədən sui-qəsdlər törədilməsi, onların oğurlanması, işgəncələrə məruz qalması və kütləvi informasiya vasitələrinin nümayəndəliklərində bomba partladılması ilə bağlıdır ki, bu da dünya birliyində nifrət hissi doğurur.
Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin fikrincə, dolayı terroizm təhlükəsinin iki əsas cəhəti vardır. Əvvəla, terrorizmdən məqsəd qorxutmaqdan, vahiməyə salmaqdan və şübhə doğurmaqdan və bununla da hüquq və azadlıqların həyata keçirilməsinə qarşı düşməncilik ab-havası yaratmaqdan ibarətdir. İkincisi, terrorizm hökumətləri cavab tədbirləri görməyə, insan hüquqlarını və azadlıqlarını məhdudlaşdırmağa vadar edə bilər ki, bu da öz növbəsində on illiklərlə bərqarar olmuş prinsipləri və dəyərləri təhlükə altına qoyar.
Məktubun sonunda müəlliflər KİV nümayəndələrinə müraciət edərək yazırlar: “Dünya Mətbuat Azadlığı günü münasibətilə biz bir daha təsdiqləyirik ki, mətbuat azadlığı fikrin ifadə olunması üçün daha geniş azadlığın ayrılmaz tərkib hissəsidir. Fikir azadlığı hər bir insanın əzəli hüququ və bəşəri tərəqqinin əsaslarından biridir”.