BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Azərbaycan Turizm və Menecment Universitetində
Bakı, 5 aprel, Maqsud Dadaşov, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ölkəmizdə səfərdə olan BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ATMU-nun rektoru İlham Mədətov rəhbərlik etdiyi ali təhsil ocağının yaranma zərurətindən, fəaliyyətindən danışıb. Bildirilib ki, yarandığı gündən beynəlxalq təcrübəni tətbiq edən, özünün müasir və milli marağını nəzərə alan yanaşması ilə fərqlənən bu ali təhsil ocağı turizm sənayesi üçün keyfiyyətli kadr hazırlığını müvəffəqiyyətlə həyata keçirir. Universitetdə 2018-ci ildən etibarən MBA proqramları üzrə qəbula başlanılacaq. ATMU, həmçinin kadr hazırlığı üzrə beynəlxalq əlaqələrini genişlənidirib. Ölkəmizdə ilk ikili diplom verən ali təhsil müəssisəsi olan ATMU bir çox beynəlxalq təşkilatlara üzv seçilib. Hazırda üç fakültə və on kafedrada on bir ixtisas üzrə bakalavriat səviyyəsində 1600-dən çox, magistraturada 157, doktoranturada 26, dissertanturada 18, əlavə təhsil üzrə 28 və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə təxminən 440 nəfər təhsil alır. Məzunların əksəriyyəti ölkənin nüfuzlu müəssisələrində, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və Azərbaycanı uğurla təmsil edirlər.
Diqqətə çatdırılıb ki, “tədris-təlim-təcrübə-tədqiqat” modelinə üstünlük verən ATMU ötən 12 ildə bir çox beynəlxalq təşkilatlarda layiqincə təmsil olunub. Belə ki, ATMU 2011-ci ildən BMT-nin Dünya Turizm Təşkilatının “qoşulmuş üzvü”, 2012-ci ildən isə “Bilik Şəbəkəsi”nin üzvü kimi qurumun keçirdiyi tədbirlərin fəal iştirakçısıdır.
Səmimi görüşə görə minnətdarlığını bildirən Z.Pololikaşvili ATMU kollektivinə Azərbaycanın turizm sənaye infrastrukturunun formalaşması və daha da təkmilləşməsində əsaslı rol oynayacaq ixtisaslı kadr hazırlığı sahəsindəki peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.