DÜNYA
BMT-nin eksperti Venesuelaya qarşı yeni sanksiyaların əleyhinə çıxış edib
Bakı, 1 fevral, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə eksperti İdriss Cazairi bildirib ki, Venesuelaya qarşı yeni sanksiyaların tətbiqi bu ölkədə aclığa səbəb ola bilər.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, ekspertin sözlərinə görə, yeni sanksiyalar aclıqla yanaşı, insanların elementar səhiyyə yardımından tamamilə məhrum olmasına gətirib çıxaracaq. “Venesuela milli neft şirkətinə ABŞ tərəfindən tətbiq olunacaq sanksiya isə əsl humanitar fəlakət yaradacaq”, -deyə Cazairi əlavə edib.
Venesuelada vəziyyətlə bağlı hesabat hazırlayan ekspert deyib ki, bu ölkədəki qarşıdurmanın daha da güclənməsi humanitar böhranla yanaşı, insan tələfatının artmasına da səbəb ola bilər. BMT rəsmisi vurğulayıb: “Xaricdən buradakı vəziyyətə müdaxilə daha ağır fəsadlar törədə bilər. Beynəlxalq ictimaiyyət çalışmalıdır ki, bu ölkədəki problemlər konstruktiv dialoq yolu ilə həll olunsun”.
BMT-nin baş katibi Antonio Quterreş də son bəyanatında Venesueladakı münaqişə tərəflərini gərginliyi azaltmağa və siyasi dialoqa çağırıb. Karakasda nümayişlər zamanı insan tələfatı barədə məlumatlara münasibət bildirən təşkilat rəhbəri əlavə edib ki, bu insident müstəqil komissiya tərəfindən şəffaflıq şəraitində təhqiq olunmalıdır.
BMT Təhlükəsizlik Şurasının son iclasında da böhrandan çıxışın dialoq və əməkdaşlıq olduğu vurğulanıb. Təşkilatın insan haqları bürosunun məlumatında deyilir ki, Karakasda iğtişaşlar zamanı 40 nəfər öldürülüb, 850 nəfər həbs olunub.