BNA: 46 məntəqədə dördtərəfli piyada keçidlərinin təşkili ilə əlaqədar işlər yekunlaşıb
Bakı, 31 may, AZƏRTAC
Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra işıqforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin dördtərəfli formada təşkil edilməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb. Nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb, müvafiq yol nişanlanma xətləri çəkilib.
Səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində də işlər davam etdirilir.