DÜNYA
Bolqarıstan: bank əmanətçiləri təşviş içərisində.Avropa İttifaqı köməyə tələsir
Bakı, 1 iyul (AZƏRTAC). Avropa Komissiyası Bolqarıstanın bank sistemini sabitləşdirmək məqsədilə bu ölkəyə təcili olaraq 3,3 milyard lev (1,7 milyard avro) ayırmışdır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, əmanətçilərin təlaşa düşməsinə ölkənin dördüncü ən böyük bankı olan Corpbankda problemlər yaşandığına dair iyunun 20-də KİV-də yayılan informasiya səbəb olmuşdur. Müştərilər pullarını çıxarmaq üçün banka axın etmişlər. Bir həftə sonra ölkənin ən böyük investisiya banklarından birinin əmanətçiləri təşvişə düşərək bir neçə saat ərzində hesablarından 400 milyon avro çıxarmışlar.
Hakimiyyət dairələri əmin edirlər ki, ölkənin bank sistemi etibarlıdır və sadəcə cinayətkar hücuma məruz qalmışdır. “Vətəndaşların və sahibkarların Bolqarıstan bank sistemində yerləşən əmanətləri və investisiyaları tam təhlükəsiz vəziyyətdədir. Banklar adi rejimdə işləməyə davam edəcəkdir” - deyə prezident Posen Plevneliyev siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra bəyan etmişdir.
Ötən istirahət günləri Bolqarıstan polisi Birinci investisiya bankına planlaşdırılmış informasiya hücumunda ittiham olunan iki, digər məlumata əsasən isə beş şəxsi saxlamışdır.