SİYASƏT
Bolqarıstanın “Teleqraf” qəzetində “Odlar yurdu Qafqaz maraqları ilə bizi cəlb edir” sərlövhəli məqalə dərc olunmuşdur
Bakı, 20 noyabr (AZƏRTAC). Bolqarıstanın nüfuzlu qəzetlərindən biri olan “Teleqraf”da “Odlar yurdu Qafqaz maraqları ilə bizi cəlb edir” sərlövhəli məqalə dərc olunmuşdur.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalənin müəllifi III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş tanınmış jurnalist Vladimir Dvoretskidir.
Müəllif məqalədə Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, adət-ənənələrindən, memarlıq abidələrindən, ölkəmizin böyük enerji resurslarına malik olmasından, eləcə də Bakı şəhərində həyata keçirilən tikinti-quruculuq işlərindən bəhs edir.
V.Dvoretski Bakının gözəlliyinə heyran qaldığını, şəhərdə yenidənqurma işlərinin aparılmasına baxmayaraq, tarixi yerlərin orijinallığının qorunub saxlanıldığını vurğulayır. O yazır ki, Bakıya səfər edənlər Şərqin sehrli ab-havası ilə Qərbin müasirliyinin bir araya gəldiyi iki dünya ilə qarşılaşırlar. Diqqətə çatdırılır ki, neftdən gələn gəlirlər təkcə paytaxtın deyil, həm də ölkənin bölgələrinin inkişafına sərf edilir.
Forum çərçivəsində Şəki şəhərinə də səfər etdiyini yazan müəllif Şəki ilə Bolqarıstanın Qabrovo şəhərinin qardaşlaşdığını diqqətə çatdırır.
Qafqazda ən iri Karvansarayın Şəkidə olduğunu vurğulayan müəllif Şəki xan sarayı haqqında da yazır, qədim tarixə malik şəhərin turistlər üçün böyük maraq doğurduğunu qeyd edir.
Şəkidə ipək və xalça istehsalının tarixindən bəhs edən V.Dvoretski şəhərin turizm potensialı və nadir təbiəti, buradakı qədim alban kilsəsi haqqında məlumat verir.
Bütövlükdə Azərbaycanın turizm potensialı haqqında yazan müəllif Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksi, Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksindən söz açır.
Sonda müəllif Azərbaycan xalqının qonaqpərvərliyi və mətbəximizin zənginliyi haqqında xoş təəssüratlarını yazır.