İQTİSADİYYAT
Borclu vergi ödəyicilərinin əmlakları siyahıya alınmışdır
Bakı, 18 aprel (AZƏRTAC). Bakı Şəhər Vergilər Departamentinin vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonunda yerləşən, Hüseynov Paşa Eldar oğluna məxsus “EF TECH” elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir.
Aparılmış yoxlama nəticəsində mağazada ötən ilin dekabr ayında 4 min 252 manat məbləğində vergi borcunun yarandığı müəyyənləşdirilmişdir. P.Hüseynov vergi borcunun 1 200 manat məbləğində olan hissəsini nağd ödəmiş, qalan borc müqabilində obyektdəki 3 min 120 manat məbləğində 4 ədəd televizor siyahıya alınmışdır.
Həmin gün Nəsimi rayonunda yerləşən “DESLA” MMC-yə məxsus “SALAMANDER” ayaqqabı mağazasında əmlakın siyahıya alınması tədbirləri də həyata keçirilmişdir. Vergi ödəyicisinin 2 min 974 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi vergi borcunun 1 500 manat məbləğində olan hissəsini yerindəcə ödəmiş, qalan hissə müqabilində isə mağazadakı müxtəlif qadın və kişi ayaqqabıları siyahıya alınmışdır.