SİYASƏT
Bosniya və herseqovinalı jurnalist: İlk dəfə bayram əhvali-ruhiyyəsində seçkiləri Azərbaycanda müşahidə etdim
![Bosniya və herseqovinalı jurnalist: İlk dəfə bayram əhvali-ruhiyyəsində seçkiləri Azərbaycanda müşahidə etdim](/files/2024/1/1200x630/17084532422105965000_1200x630.jpg)
Sarayevo, 20 fevral, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərini işıqlandırmaq məqsədilə Azərbaycana səfər etmiş Bosniya və Herseqovinanın “Hayat TV” radio-televiziya kanalının müxbiri Elma Odobaşiç və Anadolu Agentliyinin bu ölkədəki bürosunun müxbiri Hakan Çelik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir mühüm siyasi prosesi ətraflı və obyektiv işıqlandırdıqları üçün jurnalistlərə təşəkkürünü bildirib, E.Odobaşiçdən ölkəmizə səfəri və seçki prosesi barədə təəssüratlarını bölüşməsini xahiş edib.
Xanım E.Odobaşiç jurnalist fəaliyyəti dövründə ilk dəfə bayram əhvali-ruhiyyəsində keçirilən seçkiləri müşahidə etdiyini, seçki prosesinin tam şəffaf və təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib.
O, çoxsaylı seçicilərdən aldığı müsahibələrə əsasən Azərbaycan xalqının Prezident İlham Əliyevə olan sevgisinin canlı şahidi olduğunu və seçicilərin yekdilliklə ona səs verdiyini qeyd edib.
Səfər müddətində, həmçinin Əsgərana getdiklərini bildirən jurnalist yolboyu erməni işğalçılarının törətdiyi dağıntılarla qarşılaşdığını, lakin Azərbaycanın yaxın zamanlarda həmin əraziləri bərpa edərək oraya yenidən həyat qaytaracağına əmin olduğunu vurğulayıb. E.Odobaşiç Əsgəran yaxınlığındakı kütləvi məzarlığı böyük kədər hissi ilə ziyarət etdiyini və bu cür dəhşətli hadisələrin bir daha təkrarlanmayacağına ümid bəslədiyini söyləyib.
Hər iki jurnalist fürsətdən istifadə edərək bir daha İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo