SİYASƏT
Böyük Britaniyanın “Diplomat” jurnalında Azərbaycanın COVID-19-a qarşı uğurlu mübarizəsindən bəhs edən məqalə dərc olunub
London, 1 iyul, AZƏRTAC
Böyük Britaniyanın nüfuzlu “Diplomat” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə və Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Cavanşir Feyziyevin COVID-19-a qarşı Azərbaycanın uğurlu mübarizəsindən bəhs edən məqaləsi dərc olunub.
Məqalədə Azərbaycanın vətəndaşların sağlamlığını qorumaq üçün erkən və səmərəli tədbirlər görən ilk ölkələrdən biri olması, pandemiyanın iqtisadi və sosial təsirlərinin aradan qaldırılması üçün əhəmiyyətli addımlar atması, eləcə də üzv olduğu beynəlxalq təşkilatlar vasitəsilə bu sahədə qlobal həmrəyliyi təşviq etməsindən söhbət açılır. Xəstəliyin başlanğıcından bəri ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq etməsi və təşkilatın rəhbəri tərəfindən martın 23-də Azərbaycan Prezidentinə göndərilən məktubda ölkədə görülən tədbirlərin nümunəvi adlandırılması vurğulanıb.
Azərbaycanın aprel ayında COVID-19-a qarşı mübarizə üzrə sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının virtual sammitini, may ayında isə hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının virtual zirvə toplantısına ev sahibliyi etməsi nəzərə çatdırılıb. Bu xüsusda, Azərbaycanın bu günlərdə Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT-nin Baş Assambleyasının COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyasını çağırmaqla bağlı təşəbbüsünün BMT-yə üzv olan 130 üzv dövlət tərəfindən dəstəkləndiyi də oxucuların diqqətinə çatdırılıb.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: https://diplomatmagazine.com/saving-lives-the-fight-against-the-pandemic/.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London