MƏDƏNİYYƏT
Böyük Teatrın səhnəsində “1001 gecə” baletinin möhtəşəm ifası ilə yaddaqalan tamaşalar böyük maraqla qarşılanıb






Bakı, 29 sentyabr, AZƏRTAC
Moskvanın Böyük Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin möhtəşəm ifası ilə yaddaqalan tamaşalar böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Mariinski Teatrının Primorski səhnəsinin balet truppası, simfonik orkestri və xorunun dövlət mədəni proqramına uyğun olaraq Moskvaya səfəri çərçivəsində baş tutan tamaşalar iki gün anşlaqla keçib.
Primorski səhnəsinin balet truppasının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordenli Eldar Əliyevin quruluş verdiyi tamaşaların ifasında 200 nəfərə yaxın heyət yer alıb.
Tamaşalarda baş rolları Mariinski teatrının prima balerinası Renata Şakirova, Primorski səhnəsinin ulduzları Sergey Umanets, Liliya Berejnova, Lada Sartakova və Viktor Mulıqin ifa ediblər. Mariinski teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edib. Simfonik orkestrin tərkibində yer almış Azərbaycan milli alətimiz tar baletin ifasına xüsusi rəng qatıb. İki müxtəlif musiqi kollektivinin solistləri - tarzənlər Ramin Əzimov (Azərbaycan Dövlət Opera Teatrı) və Nadejda Medvedeva (Mariinski Teatrı Primorski filialı) ilə bərabər Fikrət Əmirovun musiqisini Azərbaycan tarında ahəngdar şəkildə təqdim ediblər. Fikrət Əmirovun musiqisinin sevgi simvolu olan qadın səsi - Mariinski Teatrının Primorski səhnəsinin solisti Anastasiya Kikot tərəfindən təqdimatı xüsusi maraqla qarşılanıb. Tamaşaların ifasından sonra 30 dəqiqəyə qədər davam edən alqışlar Böyük Teatrın daimi balet həvəskarları və melomanlarının xüsusi rəğbətinin bariz nümunəsidir. Xüsusi olaraq tamaşaları izləmək üçün balet sahəsinin ən seçilən və məşhur tənqidçiləri Moskvaya səfər ediblər.