DÜNYA
Braziliya 2023-cü ildə biokütlədən rekord enerji əldə edib
Bakı, 29 fevral, AZƏRTAC
2023-cü ildə Braziliyada biokütlədən 3218 meqavat enerji istehsal edilib. Bu, ötən il ölkədə istehlak olunan enerjinin 4,6 faizinə bərabərdir.
AZƏRTAC “BNN Breaking” saytına istinadla xəbər verir ki, Braziliyanın əvvəlki rekordu biokütlədən 3140 meqavat enerjinin istehsal edildiyi 2020-ci ilə aiddir. Mütəxəssislər bu il hasilatın daha 1155 meqavat artacağını proqnozlaşdırırlar.
"Biz bütün dünyada təmiz enerji istehsalında etalon olmağa davam etmək üçün bir neçə istiqamətdə fəaliyyət göstəririk. 2023-cü ildə elektrik enerjimizin 93,6 faizi bərpa olunan mənbələrdən əldə edilib ki, bu da Braziliyanın enerji keçidində dünya lideri kimi mövqeyini daha da gücləndirir", - deyə Braziliyanın mədən və energetika naziri Aleksandr Silveyra bildirib.
Hazırda Braziliyada biokütlə ilə işləyən 637 layihə var. Şəkər qamışından istifadə edən 422 layihənin ümumi gücü 12 min 410 meqavatdır. Meşə təsərrüfatı tullantıları isə 820 meqavat gücündə 76 elektrik stansiyasını yanacaqla təmin edir.
2023-cü ildə Braziliya 291 stansiyanı istismara verilməklə elektrik enerjisi istehsalını rekord göstəriciyə - 10 min 300 meqavata çatdırıb.