Braziliyada qaya uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb VİDEO
Madrid, 10 yanvar, AZƏRTAC
Braziliyanın Minas-Jerays ştatının Kapitolio turizm şəhərindəki Laqo-de-Furnaş gölündə gəzinti katerlərinin üzərinə qaya uçması nəticəsində 10 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.
AZƏRTAC bu barədə Braziliya KİV-lərinə istinadla xəbər verir. Xatırladaq ki, şənbə günü gəzinti katerlərinin üzərinə nəhəng qaya uçub. Nəticədə iki kater batıb, daha üç kater dalğalar altında qalıb. İtkin düşənləri axtarmaq üçün hadisə yerinə 40-a yaxın dalğıc göndərilib. İlkin məlumata görə, qayanın uçmasına səbəb yaxın vaxtlarda yağan leysan yağışları ola bilər.
Minas-Jerays ştatının xilasetmə xidmətinin mətbuat katibi Pedro Aixarın sözlərinə görə, buradakı kanyonlar küləyin və yağışın təsirinə davamsız olan və asanlıqla ovulan çöküntü süxurlarından ibarətdir.
Kapitolio populyar turizm istiqamətidir. Buradakı mənzərəli kanyonlarda su turizmi yaxşı inkişaf edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid