DÜNYA
BRİTANİYA ALİMLƏRİ ƏBƏDİ VƏ ƏZƏLİ TOYUQ VƏ YUMURTA MƏSƏLƏSİNİ HƏLL ETMİŞLƏR
Bakı, 17 iyul (AZƏRTAC). Britaniya alimləri uzun əsrlər boyu dünyanın ən ağıllı başlarını çıxılmaz vəziyyətə salmış əzəli və əbədi “toyuq birinci yaranıb, yoxsa yumurta” sualına dəqiq cavab vermişlər. Tədqiqatların nəticələri göstərmişdir ki, birinci elə toyuğun özü yaranmışdır.
Şeffild və Uorik universitetlərinin alimləri güclü kompyuterin köməyi ilə toyuq yumurtasının əmələ gəlməsi prosesini genetik səviyyədə modelləşdirmişlər.
Tədqiqat müəllifləri bildirirlər ki, yumurtanın formalaşmasında ovokledinin-17, yaxud OC-17 mühüm rol oynayır. Toyuğun orqanizmində yerləşən bu protein olmadan yumurta əmələ gələ bilməz.
Professor Kolin Frimen demişdir: “Həmin protein çoxdan məlumdur. Lakin onun yumurtanın formalaşması ilə bilavasitə bağlı olmasını və bu prosesə nəzarət etməsini yalnız indi müəyyənləşdirmişik”.
Bu protein müxtəlif quşlarda müxtəlif cürdür. Amma hər yerdə eyni funksiyanı yerinə yetirir, yəni yumurtanın formalaşmasına bilavasitə cavab verir.
Bu ilin aprelində Toskanadakı (İtaliya) fermaların birində qəribə hadisə baş vermişdir. Tülkünün viran qoyduğu hinin xoruzu toyuqsuz qaldığı üçün cinsini dəyişmiş, özü yumurtlamağa başlamışdır.