BRİTANİYA HÖKUMƏTİ AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ APARILAN QAZINTI İŞLƏRİNDƏN TAM XƏBƏRSİZDİR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2008-ci ilin mart ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazisində yerləşən Paleolit dövrünə aid Azıx mağara düşərgəsində Böyük Britaniya və İspaniya arxeoloqları tərəfindən qazıntı işlərinin aparılması haqqında internet şəbəkəsində məlumatlar yayılmışdır. Bununla əlaqədar, martın 17-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Böyük Britaniyanın Mədəniyyət, Yaradıcı Sənayelər və Turizm Nazirliyinə, İspaniyanın Mədəniyyət Nazirliyinə məktublar göndərilmişdir.
Müraciətlərdə erməni qəsbkarlarının işğal olunmuş Azərbaycan ərazilərində özbaşınalıq edərək, tarix və mədəniyyət abidələrimizin dağıdılması, qəsdən korlanması və talan edilməsi ilə məşğul olduqları xüsusi vurğulanmış və ermənilərin bu vandal hərəkətlərinə Böyük Britaniya və İspaniya arxeoloqlarını cəlb etməsindən narahatlıq ifadə olunmuşdur. Etiraz məktublarında həyata keçirilən qazıntı işlərinin «Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyasına, «Arxeoloji irsin mühafizəsi haqqında» 1992-ci il Avropa Konvensiyasına, «Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında» YUNESKO-nun 1972-ci il Konvensiyasına zidd olduğu diqqətə çatdırılmış, Azərbaycanın əzəli torpaqlarında aparılan qazıntı işlərinin dayandırılması və beynəlxalq konvensiyaların müddəalarına əməl olunması tələb edilmişdir.
Bir neçə gün əvvəl, Böyük Britaniyanın mədəniyyət, yaradıcı sənayelər və turizm naziri xanım Marqaret Hoc Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə cavab məktubu göndərmişdir. Məktubda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması bir daha təsdiqlənməklə yanaşı, qeyd olunmuşdur ki, Britaniya hökuməti aparılan qazıntı işlərindən tamamilə xəbərsizdir. Xanım Hoc onu da bildirmişdir ki, İngiltərə hökuməti öz sıravi vətəndaşlarının səyahət hüququnu məhdudlaşdırmır: “Biz işğal edilmiş ərazilər də daxil olmaqla, Azərbaycana səyahət haqqında məsləhətlər veririk. Britaniya vətəndaşları öz səyahət planlarına dair qərar vermədən öncə bunu nəzərə almalıdırlar”.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi məsələni diqqətdə saxlayacaqdır.